İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib
Azərbaycanda 2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra olunub. Əməliyyatların 25 min 793-ü açıq, 701-i isə laparoskopik üsulla icra olunub.
Fhnews.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qasıq yırtığı ən çox rast gəlinən yırtıq növlərindən biridir. Qasıq yırtığı qarının aşağı qasıq nahiyəsində əmələ gəlir. Bir çox hallarda nazik bağırsağın və qarın daxilində olan böyük piy toxumasının dərialtı sahəyə çıxması nəticəsində baş verir.
Qasıq yırtıqları iki yerə ayrılır - çəp və düz qasıq yırtıqları. İcbari tibbi sığorta ilə icra olunan əməliyyatların 19 min 585-i çəp qasıq yırtığın, 6909-u düz qasıq yırtığın bərpası məqsədilə aparılıb.
Qasıq yırtığı çox zaman qasıq nahiyəsində şişkinlik, qarında ağırlıq hissi, yürüş zamanı narahatçılıq hissi, öskürmə, ağırlıq qaldırma, gücənmə və gərginlik zamanı qasıq nahiyədə ağrı ilə büruzə verir. Bu simptomları müşayiət etdikdə dərhal həkimə müraciət etmək lazımdır.
Qasıq yırtığının diaqnostikası üçün həkim tərəfindən fiziki müayinə, USM, rentgenoqrafiya, ehtiyac yaranarsa kontrastlı irriqoskopiya, sistoqrafiya, KT, MRT müayinələri təyin olunur. Bütün bu instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.
Qasıq yırtığı anadangəlmə və qazanılmış olur. Anadangəlmə qasıq yırtığı xaya yatağının uşaq doğulanda açıq qalması səbəbindən yaranır. Peritonun yataq çıxıntısının açıq qalması səbəbindən qarın boşluğu orqanları və ya mayesinin bu yataq içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsi baş verir. Qazanılmış qasıq yırtığının yaranma səbəbləri müxtəlif olsa da, əsasında qasıq nahiyəsində qarının ön divarının zəif inkişaf etməsi durur. Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilədir. Əməliyyat zamanı ehtiyac olduğu halda yırtığın arxa divarına polipropilen tor bərkidilir.
Qasıq yırtığı ağır yük qaldırıldığı zaman da yarana bilər. Bundan başqa artıq çəki, ağır işlərlə məşğul olma və ya kəskin hərəkətlər nəticəsində yırtıq əmələ gəlmə ehtimalı çoxdur. Qadınlarda da hamiləlikdən sonra qasıq yırtığının yaranma riski arta bilər.
Qeyd edək ki, əməliyyatönü müayinə və həkim konsultasiyası, reanimasiya, anesteziya, stasionar şəraitdə laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf (polipropilen tor), pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Qasıq yırtığı əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda icra olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...