22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Havanın orta çoxillik temperaturunda yüksəlmə müşahidə olunur

31-07-2024
IMG

Qlobal iqlim dəyişməsinin əsas səbəblərindən biri də antropogen fəaliyyət zamanı istixana effekti yaradan qazların emissiyasının çox olmasıdır ki, bu da öz növbəsində temperaturun yüksəlməsinə səbəb olur. Ölkəmizdə də havanın temperaturu yüksələn xətt üzrə davam edir.

Fhnews.az xəbər verir bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji stansiya şəbəkələrinin məlumatlarına əsasən son illər havanın orta çoxillik temperaturunun artdığını demək mümkündür: “2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında deyə bilərik ki, ölkəmizdə havanın orta çoxillik temperaturu 1.3° normadan yüksək olub”.

Xidmət rəisinin sözlərinə görə, son 50 il ərzində respublika üzrə ən isti gün 2000-ci il avqustun 2-də Naxçıvanın Culfa və Ordubad rayonlarında 46°, Bakı və Abşeron yarımadasında isə 2018-ci il iyulun 1-də Maştağada 44.5°, Bakıda 42.7° qeydə alınıb.

Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 2002-ci il dekabrın 28-də Naxçıvan şəhərində 30° şaxta, Bakı və Abşeron yarımadasında 2012-ci il fevralın 8-də 11° şaxta müşahidə olunub”.

N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur. Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar.

“Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınıbsa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”, - deyə N.Mahmudov bildirib.

Paylaş: