22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən mühüm risk faktoruna çevrilib

20-07-2024
IMG

Hava çirkliliyi insanların sağlamlığına böyük təsir göstərir və ölümə səbəb olan ikinci aparıcı qlobal risk faktoruna çevrilir.

Fhnews.az xəbər verir ki, bu barədə “Qlobal havanın vəziyyəti” hesabatının beşinci nəşrində qeyd olunur.

Sağlamlığa Təsirlər üzrə İnstitut (Health Effects Institute) tərəfindən yayımlanan hesabatda deyilir ki, 2021-ci ildə havanın çirklənməsi dünyada 8,1 milyon insanın ölümünə səbəb olub. Yer kürəsinin milyonlarla sakini onsuz da pis hava ilə əlaqədar yaranmış xroniki xəstəliklərlə yaşayır, bu da səhiyyə sistemlərinə, iqtisadiyyata və cəmiyyətə böyük yük deməkdir.

UNICEF ilə tərəfdaşlıq çərçivəsində ilk dəfə hazırlanan məruzədə beş yaşınadək uşaqların xüsusilə hava çirkliliyinə həssas olduğu bildirilir. 2021-ci ildə havanın çirklənməsinə məruz qalma, bu yaşdakı uşaqların 700 mindən çoxunun ölümü ilə əlaqələndirilib və bu, qidalanmadan sonra bu yaş qrupu üçün dünyada ikinci ən böyük risk faktorudur. Bu uşaq ölümlərinin 500 mini, əsasən Afrika və Asiyada, təhlükəli yanacaqların (məsələn, kömür – red.) istifadə edildiyi qapalı yerlərdə və evlərdə yeməklərin bişirilməsi və havanın çirklənməsi ilə əlaqələndirilib.

Hesabatda, 2021-ci il üçün “Qlobal xəstəliklərin yükü” tədqiqatının incə hissəciklər (PM2.5), ozon (O3) və azot dioksid (NO2) kimi çirkləndiricilərin dünya miqyasında insan sağlamlığına ciddi təsir göstərdiyini əks etdirən məlumatların ətraflı təhlili təqdim olunur.

Dünyadakı 7.8 MLA hava çirkliliyi ölümlərinin 90 faizindən çoxu PM2.5 hava çirkliliyi ilə əlaqədardır. Diametri 2,5 mikrometrdən az olan bu hissəciklər o qədər kiçikdir ki, ağciyərlərdə yığılır və sonra qan dövranına daxil ola bilir, orqanlara təsir göstərir və böyüklərdə ürək-damar xəstəlikləri, insult, diabet, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliyinin inkişaf riskini artırır. Hesabata görə, PM2.5 hava çirkliliyinin olması ətraf mühitin pis vəziyyətinin ən dəqiq göstəricisidir.

PM2.5 hava çirkliliyi nəqliyyat, inşaat, kömür enerjisi və sənaye kimi sahələrdə fosil yanacaqların və biokütlənin yandırılması və meşə yanğınları nəticəsində baş verir. Bu emissiyalar təkcə insanların sağlamlığına təsir etmir, həm də planetin istiləşməsinə səbəb olan istixana qazlarının əmələ gəlməsinə rəvac verir. Əhalinin ən həssas təbəqələri qeyri-mütənasib olaraq həm iqlim dəyişikliklərindən, həm də çirklənmiş havadan əziyyət çəkirlər.

2021-ci ildə ozona uzun müddət məruz qalma dünyada 489 min 518 insanın ölümünə səbəb olub. Planet iqlim dəyişikliyinin təsirləri səbəbindən istiləşməyə davam etdikcə, yüksək NO2 olan ərazilərdə ozon səviyyəsinin artacağını və daha da mənfi sağlamlıq nəticələrinə səbəb olacağını ehtimal etmək olar.

Uşaqlar hava çirkliliyinə xüsusilə həssasdırlar. Onun zərəri hətta ana bətnində hiss oluna bilər və sağlamlığa təsirləri həyat boyu davam edə bilər. Məsələn, uşaqlar bədən çəkisinə görə daha çox hava alır və ağciyərləri, bədənləri və beyinləri hələ inkişaf dövründə ikən böyüklərə nisbətən daha çox çirkləndirici maddələr qəbul edirlər.

Kiçik uşaqlarda hava çirkliliyinə məruz qalma, dünyada hər beşinci uşaq ölümünə səbəb olan pnevmoniya (sətəlcəm) və yaşlı uşaqlarda ən çox görülən xroniki tənəffüs xəstəliyi olan astma ilə əlaqələndirilir. Hava çirkliliyi ilə əlaqəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi Afrikada beş yaşınadək uşaqların ölüm nisbəti yüksək gəlirli ölkələrdəki həmyaşıdlarından 100 dəfə çoxdur.

Paylaş: