Halonq buxtası - “dənizə enən əjdaha”nın əsrarəngiz gözəlliyi turistləri cəlb edir
Rəngarəng təbiəti, özünəməxsus mədəniyyəti, dadlı mətbəxi, keşməkeşli tarixinin izləri ilə Vyetnam hazırda dünyada populyar turizm ölkələri sırasındadır. Turistlərin bu ölkəni seçməsində əsas amillərdən birinin məhz Vyetnamın təbii zənginliyi olduğunu desək yanılmarıq. Hind-Çin yarımadasının şərqində Sakit okean boyunca şimaldan cənuba uzanan qumlu sahillər, yaşıl dağlar, tropik meşələri burada turizm üçün olduqca əlverişli imkanlar yaradıb.
Vyetnamın məşhurluğuna görə təbiət turizm məkanlarından biri, bəlkə də elə birincisi Halonq buxtasıdır. Cənubi Çin dənizindəki Bakbo körfəzinin daxilində yerləşən Halonq buxtası Vyetnam dilində tərcümədə “dənizə enən əjdaha” mənasını verir. Əfsanəyə görə sehirli əjdaha və onun balaları xalqı düşməndən qorumaq üçün səmadan məhz bura enib. Onlar yer üzündə qayalara dönərək Halonq buxtasını formalaşdırıb. Təbii ki, bu əfsanədi. Elmi yanaşmaya görə isə Halonq buxtasındakı adalar 500 milyon il əvvəldən formalaşmağa başlayıb. Heyrətamiz əhəngdaşı adalarına, milyon illər ərzində suyun, küləyin təsiri ilə yaranan qaya formasiyalarına və mağaralarına daha yaxından baxmaq üçün dünyanın müxtəlif yerlərindən hər il orta hesabla 3 milyona yaxın turist bura axışır. Buxtada il ərzində 2 fəsil müşahidə olunur: isti və rütubətli yay, soyuq və quru qış. Halonq buxtasında irili-xırdalı 1600 ada, suyun təsiri ilə oyulmuş qayalar, mağaralar və təbii ki, mavi sular gözəl mənzərə yaradır. Vyetnam xalqının azadlıq mübarizəsinə də şahidlik edən Halonq buxtasında bir çox məşhur filmçəkilib.
Ümumi sahəsi 1500 kvadratkilometr olan Halonq buxtasındakı adaların bir neçəsində insanlar məskunlaşıb. Buxtanın daimi sakinləri əsasən üzən taxta evlərdə yaşayır, balıqçılıqla və dəniz bitkiçiliyi ilə məşğul olur, turizm xidmətləri göstərirlər. Buxtadakı adalarda kiçik göllər, şəlalələr də var. Adaların bir neçəsində iri mağaralar mövcuddur ki, orada qədim insanların yaşayış izlərinə, rast gəlmək mümkündür. Bu ərazidən eramızdan 18 min il əvvələ aid Soy Nhu mədəniyyətinə dair artefaktlar tapılıb.
Buxtadakı bir neçə adada turistlər üçün otellər, restoranlar, çimərliklər fəaliyyət göstərir. Turistlərə müxtəlif əyləncə növləri, dayvinq, sörfinq, haykinq, kiçik təyyarələrdə uçuş, paraşütlə səyahət və s. təklif olunur.
Adaların biri sovet kosmonavtı German Titovun şərəfinə adlandırılıb.
1962-ci ildə Vyetnamın Mədəniyyət və Turizm Nazirliyi Halonq buxtasını milli abidələr və mənzərəli yerlər siyahısına daxil edib. 1994-cü ildə isə UNESCO Halonq buxtasının tarixi və mədəni əhəmiyyətini əsas götürərək, onu dünya irs siyahısına salıb. 2012-ci ildə "Yeni 7 möcüzə" Fondu rəsmi olaraq Halonq buxtasını 7 təbii möcüzədən biri adlandırıb.
Uzun illər vyetnamlı şairlərin, yazıçıların, rəssamların ilham mənbəyi olan Halonq buxtası bədii əsərlərdə səmaya doğru uzanan qaya və suyun möcüzəsi kimi tərənnüm edilib.
Bir çoxları Halonq buxtasını Vyetnamın vizit kartı, siması hesab edir. Yaşıl sular üzərində, qayalar arasında gəzinti sayəsində o, populyar turizm məkanına çevrilib. Elə bu səbəbdən də əksəriyyəti əcnəbi olmaqla, hər il milyonlarla turist Halonq buxtasını ziyarət edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...