22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gürcüstanda güclü qar və külək ciddi problemlər yaradıb

06-02-2024

Gürcüstan ərazisində güclü qar, külək və qasırğa ciddi problemlərə səbəb olub.

Fhnews.az xəbər verir ki, Kaspi rayonunun Zemo Txilvana kəndində qar uçqunu nəticəsində bir nəfər ölüb. Hadisə səhər saatlarında baş verib. Yağan güclü qar səbəbindən evin yardımçı tikilisi çöküb, dağıntılar altında qalan kişi qonşuları tərəfindən çıxarılıb, onun həyat yoldaşını isə xilas etmək mümkün olmayıb.

Ölkənin əksər yerlərində səhər saatlarından müşahidə edilən qasırğa Acarıstan, Sameqrelo-Zemo Svaneti, İmereti və bir sıra digər bölgələrdə ciddi fəsadlar törədib. Güclü külək ağacları kökündən qoparıb, binaların damları və elektrik xətləri sıradan çıxıb. Dağlıq ərazilərdə güclü qar yağıb, avtomobillərin hərəkəti iflic olub.

Qasırğa Bolnisi rayonundan da yan keçməyib. Ən çox ziyan azərbaycanlılar yaşayan Kəpənəkçi kəndinə dəyib. Külək bir evin damını uçurdub.

Gürcüstan Avtomobil Yolları Departamentindən verilən məlumata görə, qar yağması və temperaturun aşağı düşməsi ilə əlaqədar Tbilisi-Senaki-Leselidze beynəlxalq avtomobil yolunun 27-158-ci kilometrlik hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib. Bundan başqa, İmereti rayonunda yola qaya parçasının düşməsi ilə əlaqədar Kutaisi (Çoma)-Alpana-Mamisoni yolunun bir hissəsi müvəqqəti olaraq bağlanıb.

Əlverişsiz hava şəraiti səbəbindən, həmçinin Vaziani-Qombori-Telavi magistralında, Axalsixe-Ninotsminda beynəlxalq avtomobil yolunda və bir sıra digər daxili yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Paylaş: