22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Gündə 10 min addım atmaq ürək xəstəlikləri riskinin 20 faiz azalmasına səbəb olur

16-09-2024
IMG

Gündə 10 min addım atmaq və ya gəzmək, başda ürək sağlamlığını qorumaqla bütün bədənə müsbət təsir göstərir. İlk növbədə insanda çəki azalmasına səbəb olur. Pəhriz ilə bərabər azalan kalorilərin üstünə 10 min addım gəzmək, günlük 500 kalorinin yanması deməkdir.

Fhnews.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinin hazırladığı maarifləndirici yazıda bildirilib.

Bildirilib ki, gündəlik 10 min addım atmağın ən böyük faydalarından biri xolesterin mübadiləsini tənzimləyərək yağların əriməsidir. Əsasən qandakı triqliseridləri sadəcə addım ataraq aşağı salmaq olar. Damarları qoruyan HDL-i (yaxşı xolesterin) yüksəltməyin ən vacib yolu gündə 10 min addım gəzməkdir. Bu zaman hərəkət orqanizmin müqavimətini artırır, yorğunluq hissini azaldır, bədəndə olan səbəbsiz ağrılar itir.

Gündə 10 min addım atmaq beyin sağlamlığını gücləndirir, diqqət və konsentrasiya qabiliyyətini yüksəldir. Tədqiqatlar göstərir ki, gündəlik müntəzəm gəzən insanlarda insult riskində azalma müşahidə edilir. Həmçinin gündə 10 min addım atmaq yuxunu normallaşdırır. Belə ki, yuxunun keyfiyyətini və daha dərin yuxuya getməyi tənzimləyir. Keyfiyyətli yuxu isə bədənin ən vacib detoks mənbəyidir.

Gündə 10 min addım atmaq qan təzyiqinə müsbət təsir göstərir. Əgər insan bunu daimi olaraq davam etdirsə, ikinci aydan etibarən təzyiqdə 10 millimetr civə sütununa qədər düşmələr qeyd olunur. Davamlı yürüşlər zamanı damar sərtliyi azalaraq, xolesterin dəyərlərində, şəkər və təzyiqdə düşmələr müşahidə olunur. Bu da dünyada birinci yerdə ölüm səbəbi olan ürək xəstəlikləri riskinin 20 faiz azalmasına səbəb olur.

Hərəkətsizlik və tənbəlliyin mühüm nəticələrindən biri ürəkdöyünməsi şikayətidir. Gəzməyən insanlarda bir neçə addım atarkən nəbz 150-yə çatır. Lakin gündə 10 min addım ürək nəbzini azaldır, ritm problemlərinin qarşısını alır. Gündə 10 min addım atmaq insulin müqavimətinə müsbət təsir göstərərək, diabet riskini azaldır. Diabet xəstələri isə hər gün addımlayaraq dərman və insulin ehtiyacını azalda bilərlər.

Gündəlik gəzintilər ayaq əzələ və damarlarını gücləndirir. Ayaqlarda qan dövranını sürətləndirərək, varikoz və tromb əmələ gəlməsinin qarşısını alır.

Paylaş: