22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Genom tədqiqatı atların bəşər tarixinə necə “çapdığını” araşdırıb

08-06-2024
IMG

Atlı nəqliyyatın meydana gəlməsi bəşəriyyət üçün əsas məqamlardan biri olub və qədim xalqları ilk dəfə uzaq məsafələrə sürətlə hərəkət etməyə imkan verməklə birləşdirib, eyni zamanda, müharibələrin aparılması üsulunu dəyişdirib. Lakin atın əhliləşdirilməsinin vaxtı və sonradan at gücündən geniş istifadə edilməsi həmişə mübahisə mövzusu olub.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, 475 qədim atın və 77 müasir atın genom məlumatlarının təhlili bu məsələyə aydınlıq gətirir. Tədqiqat əhliləşdirmənin, əslində, iki dəfə baş verdiyini ortaya qoyub. Məlum olub ki, ilk dəfə Avrasiyada atlarla hərəkətliliyin yüksəlişi eramızdan əvvəl 2200-cü ilə qədər baş verib.

Barselonadakı Təkamül Biologiyası İnstitutundan (IBE) təkamülçü bioloq Pablo Librado bildirib ki, heyvanların əhliləşdirilməsi bəşər tarixini dəyişdirib, lakin heç bir başqa heyvan at kimi vacib olmayıb. O, “Nature” elmi jurnalında dərc olunan məqaləsində yazıb: “Yapon dənizindən Avropanın qapılarına qədər uzanan bir imperiyası olan Çingiz xanın atlı fəthlərini düşünün. Bu gün bildiyimiz dünya da atların köməyi ilə formalaşıb. Kənd təsərrüfatında atların iş heyvanları kimi nə qədər əhəmiyyətli olduğu da məlumdur. Nyu-Yorkda və ya Vaşinqtonda 200 il əvvəl küçələrdə atların çəkdiyi vaqonları gözünüzün qarşına gətirin”.

Genomik dəlillər göstərib ki, atlar ilk dəfə Orta Asiyada - daha dəqiq desək, Qazaxıstanın şimalında - təxminən 5500 il əvvəl Botay mədəniyyəti adlanan sivilizasiyana yaradan insanlar tərəfindən əhliləşdirilib. Amma bu əhliləşdirmə hərəkətə deyil, ət və süd əldə etməyə əsaslanırdı. Monqolustanın vəhşi Prjevalski atları da həmin Botay atlarının nəslindən idi.

Tədqiqat sübut edib ki, atın əhliləşdirilməsinin ikinci dövrü təxminən 4700 il əvvəl indiki Rusiya ərazisinin qərb çöllərində başlayıb və 4200 il öncə başlayan atla hərəkətlilik əsrlər boyu davam edib.

Genomik sübutlar atlara olan tələbatı ödəmək üçün o dövrdə bu heyvanların yetişdirmə təcrübələrində dəyişiklik olduğunu ortaya qoyub. Fransanın Tuluza Antropobiologiya və Genomika Mərkəzindən molekulyar arxeoloq və tədqiqatın həmmüəllifi Lüdovik Orlandonun fikrincə, insanlar nəsillər arasındakı vaxtı səkkiz ildən dörd ilədək azaldaraq at istehsalı gücünü iki dəfə artırdılar.

Eramızdan əvvəl 3000-ci illərdə Avrasiyada Hind-Avropa dillərini yayan kütləvi insan köçləri baş verib. Bu insanlar da at əsaslı hərəkətliliyin mərkəzi rol oynadığına inanırdılar. “Təxminən 5000 il əvvəl insanların çöl miqrasiyalarının at belində baş verdiyi düşünülürdü. Bizim tədqiqat göstərir ki, o zaman atlar çöldən keçmirdi. Deməli, insanlar atlar olmadan hərəkət edirdilər”, - deyə Orlando bildirib.

Paylaş: