22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fukuşima AES-in suyunun okeana axıdılmasının altıncı mərhələsi başlayıb

17-05-2024
IMG

Fukuşima atom elektrik stansiyasının (AES) 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış üç reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının altıncı mərhələsi başlayıb.

Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, ölkədə və xaricdə kəskin etirazlara baxmayaraq, stansiyanın operatoru - Tokio Elektrik Enerjisi Şirkəti (TEPCO) bu mərhələdə okeana 7800 ton suyun buraxılmasını planlaşdırır.

Xatrıladaq ki, TEPCO stansiyanın suyunun okeana buraxılmasına ötən ilin avqustunda başlayıb. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırır ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “Fukuşima” AES-in suyunun okeana axıdılmasına razılıq verib. Yaponiya və BAEA-nın mütəxəssisləri suyun ilk partiyası axıdılandan sonra okeandan və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin normalara uyğun olduğunu açıqlayıb. Bununla belə, qonşu ölkələr, xüsusən də Çin və Rusiya Fukuşima AES-in suyunun okeana axıdılmasına qarşı çıxır. Rəsmi Pekin BAEA-nın müsbət rəyini şübhə altına alaraq, suyun okeana buraxılmasının dərhal dayandırılması barədə bir neçə dəfə xəbərdarlıq edib. Çin hətta Yaponiyadan dəniz məhsullarının idxalını dayandırıb.

Paylaş: