22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fransanın Sena çayında triatlon üzrə məşq çirklənmə səbəbindən ləğv edilib

05-08-2024
IMG

Fransanın ev sahibliyi etdiyi Paris 2024 Olimpiya Oyunlarında triatlon yarışlarında mübarizə aparacaq idmançıların dünən Sena çayında keçirməsi planlaşdırılan məşqin çirklənmə səbəbindən ləğv edildiyi bildirilib.

Fransa Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi suyun keyfiyyətinin pis olması səbəbindən Sena çayında triatlon üzrə məşqlərin ləğv edildiyini açıqlayıb.

Komitənin sözçüsü Anne Descamps  mətbuata verdiyi açıqlamada sabah üçün planlaşdırılan triatlon qarışıq estafet yarışı ilə bağlı deyib ki, yarışma sabah keçirilə bilər və proqnozlaşdırıldığı kimi sabah səhər bu barədə qərar veriləcək.

Xatırladaq ki, Sena çayında iyulun 28, 29 və avqustun 3-də keçirilməsi gözlənilən triatlon təlimləri çirklənmə səbəbindən keçirilə bilməyib.
Sena çayı Olimpiya Oyunlarından əvvəl dəfələrlə çirklənmə müzakirələri ilə gündəmdə olsa da, 2015-ci ildən bu yana suyun təmizlənməsi üçün 1,4 milyard avro xərclənib.

Qeyd edək ki, iyulun 26-da Parisdə Sena çayı üzərində açılış mərasimi ilə başlayan 33-cü Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Paylaş: