Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində seminar keçirib
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Cənub Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “Fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət” mövzusunda seminar keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Lənkəran Şəhər İcra Hakimiyyətinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, qarşıda duran problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Cəfərzadə çıxış edərək rayon ərazisində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.
FHN-in Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında fövqəladə halların xəbərdar edilməsi sahəsində qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr, mövcud problemlər və onların həlli istiqamətləri barədə təkliflər irəli sürüb.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə çıxış edərək FHN-in regionda fəaliyyət göstərən qurumlarla razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının bəndlər üzrə geniş təhlilini aparıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və mövcud planların daha da təkmilləşdirilməsinin vacibliyini bildirib.
İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...