22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Fövqəladə hallar könüllülərinin təlim düşərgəsi fəaliyyətə başlayıb

09-02-2024

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı şəhərində Fövqəladə hallar könüllülərinin təlim düşərgəsi fəaliyyətə başlayıb. 9 fevral 2024-cü il tarixində düşərgənin açılış mərasimi keçirilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov, FHN-in məsul vəzifəli əməkdaşları və Fövqəladə hallar könüllüləri iştirak ediblər.

Şamaxı Olimpiya Mərkəzində təşkil olunmuş düşərgənin açılış mərasimində çıxış edən nazir müavini general-leytenant E.Mirzəyev Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, fiziki və mənəvi cəhətdən sağlam, milli və vətənpərvər ruhda tərbiyə almış, ölkəmizin qüdrətlənməsi və çiçəklənməsinə töhfə verə bilən yüksək intellektli və fəal gəncliyin yetişdirilməsi istiqamətində gördüyü misilsiz işlərin əhəmiyyətindən danışıb.

E.Mirzəyev qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün ölkəmizdə vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik böyük gənclər ordusu formalaşıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu istiqamətdə, xüsusilə ölkəmizdə könüllülük hərəkatının təşəkkül tapması və inkişafı sahəsində gördüyü işlər böyük əhəmiyyətə malikdir.

Nazir müavini ötən ildən “Fövqəladə Hallar Könüllüləri” proqramına start verildiyini diqqətə çatdırıb və bildirib ki, 42 nəfərdən ibarət Fövqəladə hallar könüllüləri ölkəmizdə könüllülər hərəkatına öz töhfəsini verməkdədir. Bu mənada Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş Fövqəldə hallar könüllüləri təlim düşərgəsinin əhəmiyyətini qeyd edib, düşərgənin işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib. O, bildirib ki, dörd gün davam edəcək düşərgədə könüllülərə könüllülük fəaliyyəti ilə əlaqədar müvafiq məlumatlar veriləcək, eyni zamanda onlar fövqəladə hallar zamanı tətbiq edilən bir sıra avadanlıqlarla yaxından tanış olaraq istifadə qaydalarını mənimsəmək imkanı əldə edəcəklər. Q.Xəlilov düşərgə iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev respublikamızda könüllülər hərəkatının tarixindən və səmərəli fəaliyyətindən, bu sahəyə göstərilən yüksək dövlət qayğısından bəhs edib, “Fövqəladə Hallar Könüllüləri” proqramının həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb və təlim düşərgəsinin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, dörd gün fəaliyyət göstərəcək düşərgədə könüllülərə fövqəladə hallar zamanı davranış qaydaları, psixoloji hazırlıq, böhran vəziyyətlərində fəaliyyət və bu kimi digər mövzularda təlimlər keçiriləcək.

 

Paylaş: