22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Florida ABŞ-da süni əti qadağan edən ilk ştat oldu

01-07-2024
IMG

ABŞ-nın Florida ştatında laboratoriya şəraitində istehsal olunan süni ətin istehsalı, satışı və paylanmasını qadağan edən qanun bu gündən qüvvəyə minib. Beləliklə, ABŞ-nın Florida ştatı Dünya İqtisadi Forumunun alternativ zülal mənbəyi kimi irəli sürdüyü və ABŞ Kənd Təsərrüfatı Departamentinin ötən ilin iyununda ölkədə satışına icazə verdiyi laboratoriyada istehsal edilən ətin satışını qadağan edən ilk ştat oldu.
Keçən may ayında Florida qubernatoru Ron DeSantis tərəfindən imzalanan və süni əti “saxta ət” kimi təyin edən qanunu pozanları 500 dollar cərimə və ya 60 günə qədər həbs gözləyir.

Petri qablarında zülal istehsalının Davosdakı dünya elitalarının bir layihəsi olduğunu və heyvandarlığa son qoymağı hədəflədiyini deyən  DeSantis əyalətdə illik 900 milyon dollar qaynaq yaradan maldarlığı qorumaq istədiklərini söyləyib.

Oxşar qanun layihəsinin qəbul edildiyi Alabama ştatında süni ət qadağası oktyabrın 1-dən qüvvəyə minəcək. Laboratoriyada ət istehsalı, satışı və paylanmasına qadağa qoyan dövlət qaydalarına əməl etməyənləri 500 dollar cərimə və ya üç aya qədər həbs cəzası gözləyir.

Dünyada süni ət istehsalı sahəsində təxminən 150 şirkət fəaliyyət göstərir və onlardan 43-ü ABŞ-dadır. Süni ət təbii ətdən baha olmasına və hələ də kiçik sənaye olmasına baxmayaraq, bu sektor milyardlarla dollar investisiya cəlb edir.
Süni ət polad kameralarda canlı heyvanların hüceyrələri və ya mayalanmış yumurtalarının yetişdirilməsi ilə əldə edilir. Buradakı hüceyrələr laboratoriya şəraitində su, şəkər, yağ və vitamin qarışıqları ilə qidalanır.

Paylaş: