22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Filippində torpaq sürüşməsində ölənlərin sayı 96-ya çatıb

17-02-2024

Filippinin cənubundakı Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 96-ya çatıb.

Fhnews.az Filippin mediasına istinadla xəbər verir ki, dağıntı, torpaq, palçıq və qaya axını altında qaldığı güman 32 nəfərin axtarış işləri davam edir. Ölənlər və itkin düşənlər ərazidə yerləşən qızıl mədəninə gedən və qayıdan avtobusdakı fəhlələr, habelə kənd sakinləridir. Sürüşmə baş verəndən 60 saat sonra dağıntı altında üç yaşlı qız uşağı tapılıb. O, hələlik təbii fəlakət yerində sağ tapılan sonuncu şəxsdir.

Axtarış işlərinə və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına xilasedicilərlə yanaşı, hərbçilər də cəlb olunub. Yağışlı hava və yeni sürüşmə riski axtarış işlərini ləngidir.

Təbii fəlakət nəticəsində 32 nəfər xəsarət alıb. Kənddən təxminən 1100 ailə təxliyə edilib.

Qeyd edək ki, Davao-de-Oro əyalətinin Masara kəndində torpaq sürüşməsi fevralın 6-da baş verib. Sürüşmə 9 hektara yaxın sahəni əhatə edib. Nəticədə 55 ev, içərisində mədənin fəhlələri olan üç avtobus və bir mikroavtobus torpaq və palçıq altında qalıb.

Dünya risk indeksinə görə Filippin dünyanın təbii fəlakətə ən çox meylli ölkələri arasında birinci yerdədir. Ölkədə hər il güclü qasırğalar, daşqınlar, torpaq sürüşmələri, zəlzələ və vulkan püskürmələri baş verir.

Paylaş: