22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə kompleks mülki müdafiə təlimi keçirilib

31-05-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il üçün Hazırlıq planına müvafiq olaraq Zaqatala rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Təlimdə FHN-in Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.

Əvvəlcə, Zaqatala rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb.

Müşavirədə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə təlimin əhəmiyyətindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını qeyd edib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Şimal-qərb Regional Mərkəzin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.

Kompleks təlimə ümumilikdə 258 nəfərdən ibarət şəxsi heyət və 41 ədəd texnika cəlb edilib. Tədbirdə Şimal-qərb Regional Mərkəzinin qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Paylaş: