22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

25-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda rəşadətli Azərbaycan Ordusunun 1918-ci ildən başlanan keşməkeşli və şərəfli inkişaf yoluna qısa eksurs edilib, Silahlı Qüvvələrimizin şanlı tarixindən qürurla bəhs edilib. Bildirilib ki, zamanın amansız sınaqlarından alnıaçıq və üzüağ çıxmış şanlı Silahlı Qüvvələrimiz qüdrətli Azərbaycanın sarsılmaz dayağına, xalqımızın etibarlı mühafizəçisinə çevrilərək torpaqlarımızı istənilən hücumdan qorumağa qadir, mükəmməl Orduya çevrilib. Bu güclü və müasir standartlara uyğun qurulmuş Ordu Ümummilli Lider Heydər Əliyevin və onun mütərəqqi siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən böyük nailiyyətlərindən biridir.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra milli silahlı birləşmələr buraxılmış, hərbi kadrlarımız repressiyaya məruz qalmış, sürgünə göndərilmişdi. SSRİ dövründə Sovet Azərbaycanında hakimiyyət olimpinə yüksəlmiş Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan Ordusunun ilkin özülləri atılmışdı. Dahi Rəhbər Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, eyni zamanda daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də İttifaqın digər hərbi təhsil müəssisələrinə qəbul edilməsinə nail olmaqla, bugünkü müstəqil Azərbaycan üçün peşəkar zabit kadrların hazırlanmasının əsasını qoydu. Ulu Öndər, həmçinin SSRİ silahlı qüvvələrinin tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsini diqqətdə saxlayır, soydaşlarımızın Sovet qoşunlarında yüksək vəzifələrə təyin olunması üçün əlindən gələni edirdi.

Müstəqillik illərində yaranmış hakimiyyət böhranı və xaos zamanı xalqın təkidi və tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin həyata keçirdiyi ilk tədbirlərdən biri ordu quruculuğu oldu. Onun misilsiz tarixi xidmətləri nəticəsində müstəqil Azərbaycan dövlətinin müasir standartlara uyğun Silahlı Qüvvələri formalaşdırıldı.

Tədbrlərdə çıxış edən natiqlər, həmçinin diqqətə çatdırıblar ki, Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin həyata keçirdiyi strateji kursu uğurla davam etdirərək Silahlı Qüvvələrimizi regionun ən güclü ordusuna çevirməyə nail olub. Məhz cənab Prezidentin parlaq hərbi zəkası, mahir sərkərdəlik qabiliyyəti, mükəmməl idarəçilik bacarığı sayəsində rəşadətli Orudumuz 2020-ci ildə cəmi 44 gün ərzində düşmənin silahlı qüvvlərini darmadağın edərək 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etdi. 2023-cü ilin payızında isə 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz tam bərpa edildi.

Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan Silahlı Qüvvələri hərbi qüdrətini ildən-ilə artıraraq düşmənlərimizin qorxulu kabusuna çevrilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi strateji və davamlı islahatlar nəticəsində Ordumuzun kadr potensialı və maddi-texniki təminatı davamlı olaraq təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi daim diqqətdə saxlanılır. Dövlətimizin qayğısını hər zaman öz üzərində hiss edən qəhrəman əsgər və zabitlərimiz xalqımızın və torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar.

Tədbirlərin sonunda Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixini və müasir ordu quruculuğunu əks etdirən filmlər izlənilib.

Paylaş: