22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

30-03-2024

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Mülki müdafiə qoşunlarının komandanlığında şəxsi heyətin iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə çıxış edənlər ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində bir çox bölgələrdə minlərlə günahsız soydaşımızın qətlə yetirildiyini bildiriblər. Qeyd olunub ki, "Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Bu ərazilərdə dinc əhaliyə bolşevik-erməni silahlı birləşmələri tərəfindən kütləvi surətdə divan tutulub, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak mütəşəkkil silahlı dəstələri tərəfindən minlərlə azərbaycanlının həyatına son qoyulub. 1918-ci il 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin qaranlıq səhifələrindən biridir”.  
 
Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı faciəsinin yenidən araşdırılması və həqiqətlərin dünyaya yayılması işinə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb və 1998-ci il martın 26-da Ulu Öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. O da vurğulanıb ki, erməni-bolşevik silahlı dəstələrinin bir əsr əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 yanvar 2018-ci il tarixdə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalayıb və bu sərəncama müvafiq olaraq həm ölkədə, həm də xaricdə tədbirlər keçirilib.
 
Tədbirin sonunda 31 Mart – Azərbaycanlıların soyqırımına həsr edilmiş videoçarx nümayiş olunub.
Paylaş: