FHN-in Mülki müdafiə qoşunlarında “Səmti müəyyənetmə” idman növü üzrə birincilik keçirilib
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları tərəfindən Qəbələ rayonundakı meşə zolağı ərazisində “Səmti müəyyənetmə” idman növü üzrə birincilik keçirilib.
Yarışın keçirilməsində məqsəd şəxsi heyətin peşəkarlıq və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə ölkəmizdə idmana göstərilən qayğının əhəmiyyətindən söz açıb, bu sahədə qazanılmış uğurlardan danşıblar.
Yarışlara Mülki müdafiə qoşunlarından ümumilikdə 10 komanda cəlb olunub. Proqrama uyğun olaraq, şəxsi-komanda yarışları məsafənin parametrlərinə görə ayrı-ayrı günlərdə keçirilib.
Komanda və şəxsi yarışlar iki mərhələdə - qısa və uzun məsafədə keçirilib. Yarış iştirakçıları kompas və xəritədən istifadə etməklə qısa və uzun məsafədə yerləşən 10 nəzarət məntəqəsini taparaq finiş xəttinə birinci çatmaq uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda hərbçilər özlərini həm komanda, həm də şəxsi birinciliklər üzrə sınayıblar.
Yarışın nəticələrinə görə komanda yarışlarında I yerə Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissə, II yerə Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissə, III yerə isə Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissə layiq görülüb. Şəxsi birincilik üzrə yarışlarda I yeri çavuş Rüstəmov Mirhaşim, II yeri baş leytenant Məmmədli Alxas, III yeri isə çavuş Fərzaliyev Cavanşir tutub.
Yarışın qaliblərinə kubok, medal və diplomlar təqdim edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...