22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Yeni il şənlikləri ilə bağlı kütləvi maarifləndirmə tədbirləri keçirib

30-12-2023

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə keçirilən şənliklərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib. Xidmətin əməkdaşları paytaxt Bakıda və respublikanın digər şəhər və rayonlarında yerləşən ictimai-iaşə obyektlərində, əyləncə və ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı digər məkanlarda yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçiriblər.

Tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunub, yaddaş kitabçaları, buklet və posterlər paylanılıb.

Qeyd edək ki, bu kimi tədbirlər bayram ərəfəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən kütləvi olaraq keçirilir.

Etiketlər:
Paylaş: