FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektlər barədə tədbirlər görür
Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ötən dövrdə xidməti fəaliyyətlərini Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərinin, Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamənin tələblərindən irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edərək, vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətinin, o cümlədən mülkiyyət növündən asılı olmayaraq əmlakının yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə yanğın təhlükəsizliyinin еtibarlı təmin еdilməsi məqsədilə bir sıra qabaqlayıcı profilaktiki tədbirlər hazırlayaraq həyata keçirib.
Belə ki, Xidmət tərəfindən cari ilin ötən 3 ayında və 2023-cü ilin 4-cü rübü ərzində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış çıxarışlara əsasən obyektlərdə yanğın-texniki müayinələr həyata keçirilib. Müayinələr zamanı aşkar edilən nöqsanlar rəsmi şəkildə obyekt sahiblərinin nəzərinə çatdırılıb və bu çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülüb.
Təəssüf ki, yanğın təhlükəsizliyi qaydalarının kobud pozulduğu bəzi obyektlər xəbərdarlıqlar olunmasına, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cərimələr tətbiq edilməsinə baxmayaraq, burada çoxsaylı nöqsanlar aradan qaldırılmır. Nəticədə, hər an yanğın baş vermə riski olduğu halda həmin obyektlər fəaliyyətini davam etdirir. Dövlət Yanğın Nəzarəti Xidməti həmin obyektlərdə mövcud nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığını nəzərə alaraq belə obyektlər barədə mütəmadi olaraq ciddi tədbirlər həyata keçirir.
Təkcə bu ilin ötən üç ayında və 2023-cü ilin 4-cü rübündə əməkdaşlar tərəfindən 10 belə yanğın təhlükəli obyekt müəyyən edilib. Belə ki, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Elektron” Elmi İstehsalat firmasına məxsus ticarət mərkəzində, “Pərviz” Ticarət Mərkəzinə məxsus obyektdə, “İsa N” firmasına məxsus ticarət mərkəzində və “Sunay” Ticarət Mərkəzi” MMC-yə məxsus ticarət mərkəzində, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 17 ünvanında yerləşən “Al Divan” hind mətbəxi restoranında, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 18 ünvanında yerləşən “Cafe Love City” kafesində, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolu ünvanında yerləşən “Fontan” restoranında, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi 1 ünvanında yerləşən “Az Metal İndustry Company” MMC-yə məxsus istehsalat sexində, Balakən şəhər, S. Vurğun küçəsində yerləşən dülgər sexində, Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 2A ünvanında yerləşən “Selhome Group” MMC-yə məxsus anbarda keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı çatışmazlıqlar aşkar edilib. Müəyyən olunub ki, həmin obyektlərdə insanların yanğın hadisəsi barədə xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb, yaxud işlək vəziyyətdə deyil, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib, ticarət mərkəzlərinin ərazisində yanğın su hovuzu yoxdur və ticarət sıralarında yanğına qarşı ara məsafələr gözlənilməyib, təxliyə yollarında müxtəlif ölçüdə çoxsaylı tezalışan materiallardan müvəqqəti satış köşkləri və piştaxtalar quraşdırılaraq insanların təxliyəsi məhdudlaşdırılıb. Həmçinin, sözügedən obyektlərdə izolyasiyası zədələnmiş və nasaz elektrik avadanlıqlarından istifadə olunur, elektrik avadanlıqlarının artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin olunmayıb, hətta yanar konstruksiyaların üzərindən elektrik xətlərinin çəkilməsi və sair ciddi qayda pozuntularına yol verilib.
Yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğu və çatışmazlıqların mövcud olduğu belə vəziyyətdə obyektlərin istismarının davam etdirilməsi təhlükə mənbəyi olaraq, hər an yanğın hadisələrinin baş verə biləcəyini və yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulduğu adı çəkilən obyektlərdə sahibkarların fəaliyyətinin məhdudlaşdırılması barədə Xidmət tərəfindən Qərarlar qəbul olunub və bir nüsxəsi obyekt sahiblərinə təqdim edilib.
Görülmüş tədbirlər nəticəsində qeyd olunan obyektlərdə sahibkarlar tərəfindən bir sıra yanğın təhlükəsizliyi qaydalarının tələbləri yerinə yetirilir. Belə ki, elektrik təsərrüfatına profilaktiki baxış keçirilərək qüsurlar aradan qaldırılıb, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin bağlanması, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğından müdafiə sistemlərinin quraşdırılması kimi tədbirlər yerinə yetirilib.
Əlbəttə, Dövlət Yanğın Nəzarəti Xidmətinin məqsədi obyektlərin fəaliyyətinə məhdudiyyət tətbiq etmək deyil, yanğın təhlükəsizliyini təmin etməkdir. Ona görə də sözügedən yanğın təhlükəli obyektlərdə nöqsanların aradan qaldırılması tələbi yerinə yetirildikdə onların fəaliyyətinə icazə verilir. Balakən şəhər, S. Vurğun küçəsində yerləşən dülgər sexində yanğın təhlükəsizliyi qaydalarının pozulduğu nöqsanlar aradan qaldırıldığından Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən onların fəaliyyətinə icazə verilməsi bunun sübutudur.
Digər obyektlərlə münasibətdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qəbul edilmiş qərarlar qüvvədə saxlanılmaqla icrasından irəli gələn məsələlər Xidmətin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır. Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi istiqamətində əzimkar fəaliyyətini davam etdirir.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin
Yanğına qarşı təbliğat şöbəsi
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...