22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında “Beynəlxalq humanitar prinsiplər və etik normalar” mövzusunda kurs təşkil olunub

16-08-2024
IMG

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) klassifikasiyasından keçməsinə hazırlıq məqsədilə FHN-in Akademiyasında növbəti kurs təşkil olunub.

“Beynəlxalq humanitar prinsiplər və etik normalar” mövzusunda keçirilmiş kursda FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər – FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin komandiri, Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini, fövqəladə hallar üzrə ekspert Elşən Səlimzadə və Cəmiyyətin Sağlamlıq və qayğı şöbəsinin müdiri Əminə Cabbarova, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nüranə Qasımzadə mövzu ilə əlaqədar fəaliyyət istiqamətlərinə uyğun geniş məlumat veriblər.

Beynəlxalq humanitar əməliyyatlar zamanı beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən hüquqi sənədlərin tələblərindən və beynəlxalq təcrübədən söz açan natiqlər qeyd ediblər ki, dəstə üzvləri həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən təlim və kurslarda əldə etdikləri bilik və təcrübələrini daim inkişaf etdirməlidirlər.

Tədbirin sonunda kursu bitirən dəstə üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.

Paylaş: