22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında “20 Yanvar faciəsi” mövzusunda tədbir keçirilib

19-01-2024

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı “20 Yanvar faciəsi” mövzüsunda anım mərasimi keçirilib.

Tədbirdə FHN Akademiyasının və "20 Yanvar Cəmiyyəti”nin rəhbər şəxsləri, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin baş verməsindən 34 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədib. Sovet rəhbərliyinin hüquqazidd cinayətkar əməllərinə etiraz edən Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 21 yanvar tarixində repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

Sonra qeyd olunub ki, Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Xüsusilə vurğulanıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşıb və həmin kateqoriyadan olan şəxslər bu gün də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunublar.

Anım mərasiminin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Paylaş: