22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib (video, foto)

04-10-2024
IMG

Oktyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.

Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir bildirib ki, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər sosial-iqtisadi yüksəliş və tərəqqi mərhələləri kimi tarixə qızıl hərflərlə daxil olub. Vətənini və xalqını tarixin çox çətin sınaqlarından böyük məharətlə çıxaran Ulu Öndər milli təhsilimizin inkişafı məsələlərinə hər zaman xüsusi həssaslıqla yanaşıb.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində milli təhsilimiz müasir dünya standartları səviyyəsində təşəkkül taparaq ölkəmizin hərtərəfli inkişafına mühüm töhfə verir. Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını və 2013-cü ilin dekabr ayının 27-də ölkə başçısının Fövqəladə Hallar Nazirliyinin Akademiyasının binasının açılış mərasimində şəxsən iştirakını xüsusi vurğulayan nazir K.Heydərov ötən illər ərzində dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın müasir təhsil ocağı kimi təşəkkül tapdığını qeyd edib.

Nazir Heydər Əliyev Fondu tərəfindən milli təhsilimizin inkişafı naminə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələri xatırladaraq onların əhəmiyyətindən danışıb.

Ali dövlət qayğısı sayəsində yüksək səviyyəli kadrların yetişdirilməsi üçün Nazirliyin Akademiyasında hərtərəfli şəraitin mövcud olduğunu deyən nazir kursantların bu şəraitdən yararlanaraq dərin biliklərə yiyələnib daha güclü və qüdrətli Azərbaycana ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib, bu yolda məzunlara və kursantlara uğurlar arzulayıb.

Sonra çıxış edən valideyn Qalib Məmmədov məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış yüksək şəraitə görə təşəkkür edib.

Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.

Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Amil Mirzəyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.

Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.

Paylaş: