22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması üzrə müzakirə aparılıb

01-10-2024
IMG

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Elm və Təhsil Nazirliyinin rəhbərlik etdiyi İnsan kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə alt-qrupunun nazirlikdə növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, işçi qrupun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək işçi qrupunun ötən dövr üzrə olan ümumi fəaliyyəti, əldə edilmiş uğur və gələcək gözləntilər barədə danışıblar.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Qlobal İnnovasiya İndeksi 2024” nəticələrinin müqayisəsi və qarşıda duran vəzifələr, 2025-ci il üzrə yeni Fəaliyyət Planının hazırlanması ilə bağlı prioritetlər barədə təqdimat edib.

İclas Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlavə təhsil şöbəsinin müdiri Emin Qəriblinin təqdimatları ilə davam edib.

İclasda elmmetrik bazalarda nəşr olunan elmi məqalələrin sayı və dinamikası, elmi nəşrlərin kvartillər üzrə paylanması, ali təhsil müəssisələrinin bu sahədə fəaliyyət planları, ali təhsil müəssisələrinin elmi müəssisələrlə birgə əməkdaşlığı, tədqiqatçıların fəaliyyətinin maliyyələşdirilməsi və stimullaşdırma tədbirlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Həmçinin tədqiqat laboratoriyalarının fəaliyyətinin qiymətləndirilməsi və onların maddi-texniki bazalarının yenilənməsi zərurəti, laboratoriyalardan birgə istifadə imkanları, “Scopus” və “Web of Science” elmmetrik bazaları üzrə “Clarivate” və “Elvesier” şirkətləri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, “QS” və “Times Higer Education” Beynəlxalq Reytinq Agentlikləri ilə əməkdaşlıq, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yeri və bu sahədə görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Yekunda işçi qrupun fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması” üzrə altqrupuna rəhbərliyi Elm və Təhsil Nazirliyi həyata keçirir.

Paylaş: