22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Elm və təhsil naziri: Yeni tədris ilində “Ümumi türk ədəbiyyatı” və “Türk dünyası coğrafiyası” kitabları tədris ediləcək

09-09-2024
IMG

2022-ci ildə Qazaxıstanın Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının V iclasında Türk dünyasının ümumi dərslikləri - “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” kitabları haqqında qərar qəbul olunub. Qardaş ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına yönəlmiş bu dərsliklər Türk Dövlətləri Başçılarının Zirvə görüşündə verilən tapşırıqlara uyğun olaraq hazırlanıb.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev Türk Dünyası Ortaq Əlifbası Komissiyasının bu gün Bakıda keçirilən üçüncü iclasında bildirib. O əlavə edib: “2021-ci ildə İstanbulda Elmi Şuranın IV iclasında Türkiyənin təşəbbüsü ilə dərslik mətnlərinin təsdiqi ilə bağlı ekspertlərin iclası keçirilib və bu toplantıda “Ümumi türk tarixi”, “Ümumi türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətnləri təsdiq edilib”.

“XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirən “Ümumi türk tarixi” dərsliyi yeddi bölmədən ibarətdir və türk xalqlarının tarixini müfəssəl şəkildə ortaya qoyur. “Türk dünyasının coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin formalaşdırılmasına, türklərin coğrafi anlayış və ideyalarının, eləcə də müstəqil türk ölkələrinin coğrafiyasının öyrənilməsinə yönəlib. “Ümumi türk ədəbiyyatı” dərsliyi erkən dövrdən başlayaraq şagirdlərdə milli ədəbiyyat tarixinə əsaslanan ümumi türk ədəbiyyatı və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır. Ötən ildən Azərbaycan, Qazaxıstan və Türkiyədə 8-ci sinif şagirdləri üçün “Ümumi türk tarixi” seçmə proqram kimi tədris olunur”, - deyə Emin Əmrullayev əlavə edib.

Nazir bildirib ki, 2024-2025-ci tədris ilində Azərbaycan məktəblərində şagirdlərə “Ümumi türk ədəbiyyatı” və “Ümumi türk coğrafiyası” kitabları tədris olunacaq.

Paylaş: