22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar

29-02-2024

Elektron resept kağız reseptin rəqəmsal versiyasıdır. “Elektron resept” sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Eyni zamanda, “Elektron resept” sistemi həkim, pasiyent və əczaçılar üçün vahid bir platforma üzərindən reseptlərin idarə olunmasını təmin edəcək.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev “Elektron resept” sistemi barədə məlumat verərək deyib.

Mütəxəssisin sözlərinə görə, həkim müayinəsi və ya tibbi konsultasiyadan sonra vətəndaşlara elektron resept vasitəsilə təyin edilən dərman vasitələrini ölkəmizdə fəaliyyət göstərən istənilən aptek təşkilatından əldə etmək olar. Bunun üçün elektron reseptin qeydiyyat nömrəsini və ya elektron reseptin üzərindəki QR kodu əczaçıya təqdim etmək lazımdır. Elektron resepti əczaçıya istər pasiyentin özü, istərsə də elektron reseptini həvalə etdiyi şəxs təqdim edə bilər. Həmçinin, vətəndaşlarımız “Reseptim” mobil əlavəsini yükləməklə, onlara yazılan reseptləri görə biləcək.

Elektron resept sisteminin üstünlüklərindən danışan Səid Fərzullayev bildirib ki, elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda, vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir.

“Bundan əlavə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək,” - deyib.

Səhiyyə Nazirliyi tərəfindən istifadəyə verilən “Elektron Resept” sistemi (reseptim.az) ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az və nazirliyin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet resursu olan pharma.az portallarında xüsusi link yaradılıb. Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın şəkildə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər. Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə “Reseptim” mobil əlavəsini İOS və Android tipli mobil telefon istifadəçiləri tərəfindən yükləmək mümkündür.

Mütəxəssis, həmçinin bildirib ki, “Elektron resept” sistemi mövcud qanunvericiliyə əsasən yalnız dövlət qeydiyyatına alınan, Tarif Şurası tərəfindən qiymətinin yuxarı həddi müəyyən edilən, ölkəmizə idxal olunan və son istifadə müddəti bitməyən dərman vasitələrinin bazası əsasında tərtib edilib.

Paylaş: