22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Efiopiyanın yollarında yalnız elektromobillər şütüyəcək

27-05-2024
IMG

Afrika qitəsində əhalinin sayına görə ikinci ölkə olan Efiopiyanın yollarında tezliklə yalnız elektriklə işləyən avtomobillər şütüyəcək.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, artıq bir neçə aydır Şərqi Afrikanın bu ölkəsinə daxiliyanma mühərrikli avtomobillərin idxalına qadağa qoyulub. Yalnız elektriklə işləyən avtomobillərin idxalına icazə verilir. Məhdudlaşdırıcı siyasətin əsas məqsədi şəhər mərkəzlərində zərərli emissiyaları və səs-küy səviyyəsini azaltmaqdır.

Ölkəyə ilk elektromobillər gələndə, onlara tələbat az olub. Lakin bütün dünyada yanacağın qiymətinin artması və mövcud qadağalar fonunda efiopiyalılar ən sadə versiyaları təxminən 2 min avro ekvivalentində olan elektrik avtomobillərinə keçməyə məcbur olurlar. Elektrikli nəqliyyat vasitələrinin istismarı da ucuzdur, çünki elektrik enerjisi digər ölkələrlə müqayisədə Efiopiyada ucuzdur. Ölkə bütün Afrikada ən böyük enerji potensialına malikdir. Dövlətə məxsus Efiopiya Elektrik Enerjisi Şirkətinin (EELPA) məlumatına görə, ölkədə quraşdırılmış elektrik stansiyasının gücü hazırda 5,249 MVt təşkil edir.

Bu, Efiopiyanı elektromobillərdən istifadə sahəsində qitədə qabaqcıl ölkəyə çevirir. Bərpaolunan enerji mənbələrinin inkişafında əhəmiyyətli irəliləyişlərə baxmayaraq, hətta qonşu Keniya da onunla ayaqlaşa bilmir.

Bununla belə, Efiopiyada nəqliyyat keçidi prosesi rəvan getmir. Avtomobil satıcıları və digər elektrikli nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini evdə şarj etməli olurlar. Hələlik ictimai enerji doldurma məntəqələri yoxdur.

Hazırda 122 milyon insanın yaşadığı Efiopiya hər min vətəndaşa düşən iki avtomobillə dünyada avtomobil sahibliyi nisbətinin ən aşağı olduğu ölkələrdən biridir. Buna görə də paytaxt küçələrindəki hər bir insan elektrikli və ya başqa yanacaqla işləyən öz “təkər dəstinə” sahib olmaq arzusundadır.

Paylaş: