22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ECOWAS Nigerə qarşı sanksiyaları ləğv etməyə hazırlaşır

19-02-2024

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi - ECOWAS ötən ilin iyulunda baş vermiş hərbi çevrilişdən sonra Nigerə qarşı tətbiq edilən sərt iqtisadi sanksiyaları ləğv etməyə hazırlaşır.

Fhnews.az xəbər verir ki, “Jeune Afrique” jurnalı bu barədə adları açıqlanmayan Qərbi afrikalı nazirlərə istinadla məlumat yayıb.

“Sanksiyalar dövlət çevrilişləri dalğasını dayandırmağa və Nigerdə hakimiyyətdən uzaqlaşdırılan Prezident Məhəmməd Bazumun öz postuna qayıtmasına kömək etməli idi. Lakin bu, nəticə vermədi və siyasi liderlər həmin qərarı yenidən nəzərdən keçirməlidir”, - deyə məlumatda bildirilir.

Sanksiyaların aradan qaldırılması barədə qərarın martın 10-da müsəlman ölkələrində başlayan Ramazan ayı ərəfəsində elan ediləcəyi planlaşdırılır. Eyni zamanda, məhdudiyyətlərin ləğvinin jest olaraq qəbul ediləcəyi və Burkina Faso, Mali və Nigerin daxil olduğu Sahel Dövlətləri Alyansının ECOWAS-dan çıxmaq qərarına yenidən baxmasına səbəb olacağı gözlənilir.

Xatırladaq ki, 2023-cü il iyulun sonunda Nigerdə prezident qvardiyasının bir qrup hərbi qulluqçusu qiyam qaldıraraq prezident Məhəmməd Bazumu hakimiyyətdən uzaqlaşdırıb. ECOWAS-a üzv ölkələrin liderləri buna cavab olaraq qiyamçılara qarşı sərt sanksiyalara əl atıblar. Hətta Nigerə qoşun yeridilməsi məsələsi gündəmə gəlib.

Burkina Faso və Mali isə buna cavab olaraq Nigerə istənilən hərbi müdaxilənin onlara qarşı müharibə elanı kimi qiymətləndiriləcəyini, həmçinin Niger ordusuna və xalqına dəstək olacaqlarını bildirib. 2023-cü il sentyabrın 16-da hər üç ölkə kollektiv müdafiə təşkilatı yaradıb, yanvarın sonunda isə ECOWAS-dan çıxdıqlarını açıqlayıb.

Paylaş: