Dünyaca məşhur istirahət yerləri iqlim böhranı təhlükəsi altındadır
Ekstremal hava hadisələri, dəniz səviyyəsinin qalxması, mənfi təsirə məruz qalmış infrastrukturlar, zədələnmiş mərcan rifləri , iqlim dəyişikliyi və qlobal istiləşmə nəticəsində yaranan meşə yanğınları dünyaca məşhur turizm bölgələrini təhdid edir.
Dünya Səyahət və Turizm Şurasının 2022-ci ilə olan məlumatlarına görə, 7,7 trilyon dollar dəyərində olan turizm sektoru birbaşa və dolayı əməliyyatları ilə qlobal iqtisadiyyatın 7,6 faizini təşkil edir. Covid-19 epidemiyasından əvvəl sektorun həcmi 10 trilyon dollar, qlobal iqtisadiyyatdakı payı isə 10,4 faiz civarında idi.
İqlim şəraitindən birbaşa asılı olan sektor Covid-19 epidemiyasından sonra itkilərini ödəməyə çalışır, digər tərəfdən isə iqlim böhranı və qlobal istiləşmənin gətirdiyi mənfiliklərlə mübarizə aparır.
İngiltərədəki Kembric Universitetinin alimləri tərəfindən hazırlanan hesabatda dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələri səbəbiylə dəniz turizmi infrastrukturuna mənfi təsirlər, okeanların turşulaşması, mərcan qayalıqlarının zədələnməsi, qış idmanları üçün lazım olan kifayət qədər qar yağışının çata bilməməsi, artan temperaturun nəticəsi və meşə yanğınları nəticəsində biomüxtəlifliyə mənfi təsirlər turistik əraziləri təhdid edən amillər sırasına daxil edilmişdir.
Dünya İqtisadi Forumu tərəfindən dərc edilən araşdırmada 2023-cü ildə yaşanan rekord temperaturlar xatırladılıb və vəziyyətin müxtəlif aspektlərdə turizm fəaliyyətlərinə təsir etdiyi qeyd edilib. Yunanıstanda baş verən meşə yanğınları nəticəsində təkcə Rodos adasından 2 mindən çox turist evakuasiya edilməli olub. Paytaxt Afinanın əhəmiyyətli turistik yerlərindən biri olan Akropol havanın temperaturu 45 dərəcəyə çatdıqdan sonra bir müddət ziyarətçilərə bağlanıb.
Aralıq dənizi regionunda iqlim böhranının yaratdığı neqativlərdən təsirlənən ölkələrdən biri də İtaliya olub. İsti hava dalğası nəticəsində Romaya gələn turistlərin çoxu planlaşdırdıqları vaxtdan tez öz ölkələrinə qayıtmalı olub.
Həddindən artıq istilər turizmin əsas daşıyıcısı olan aviaşirkətlərə də təsir edib. ABŞ-dakı bəzi aviasiya şirkətləri 46 dərəcəyə çatan temperaturda uçuşlarda təyyarələrin yükünü azaltmaq üçün sərnişinlərin və baqajların sayını azaltmalı və ya havanın temperaturu normallaşana qədər uçuşları təxirə salmalı olub.
Avropa İttifaqı Komissiyasının ötən il apardığı araşdırmaya görə, qlobal istiləşmə davam edərsə, Avropada turizm fəaliyyətinin qitənin cənubundan şimalına doğru dəyişməsi gözlənilir. Müvafiq olaraq temperatur 4 dərəcə artarsa, Yunanıstanda İon adalarına səfərlərdə 2019-cu ilə nisbətən 9 faiz azalma, İngiltərənin Qərbi Uelsdə sahil bölgələrinə səfərlərdə isə yüzdə 16 artım gözlənilir.
İqlim dəyişikliyi ilə təhdid edilən dünyaca məşhur turizm məkanlarından biri olan Maldiv adalarıdır. 2019-cu ildə ölkəyə 1,7 milyon turist cəlb edən sektor Turizm Nazirliyinin məlumatlarına görə ölkə iqtisadiyyatının əsasını təşkil edir. Bununla belə, Maldiv adaları dəniz səviyyəsinin qalxmasına ən həssas olan ölkələr sırasındadır və ölkəni təşkil edən adaların əhəmiyyətli bir hissəsi dəniz səviyyəsindən 1 metr hündürlükdə yerləşir. Nazirliyin məlumatına görə, 2100-cü ilə qədər dəniz səviyyəsinin 0,5 metrdən 1,2 metrədək artması ölkə ərazisinin təxminən 77 faizinin su altında qalmasına səbəb ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...