22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qaz balonlarının obyektlərdən kənarlaşdırılması təmin edilib

31-10-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının respublikamızın paytaxtı Bakı şəhərində keçirilməsinə az bir vaxt qalır. Dünyada ən böyük, mötəbər beynəlxalq tədbirlərdən birinin ölkəmizdə təhlükəsiz şəkildə keçirilməsi üçün  Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “Tədbirlər planı” təsdiq edilib. “Tədbirlər planı”nda  Nazirliyin digər qurumları ilə bərabər Dövlət Yanğın Nəzarəti Xidmətinin də qarşısında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm vəzifələr qoyulub.

 Xidmətin əməkdaşları funksional vəzifələrinin icrası çərçivəsində cari ilin ötən dövrü ərzində tədbirlərin təşkilinə cəlb olunması nəzərdə tutulan obyektlərdə yanğın - texniki müayinələrin keçirilməsi, tədbirlər keçiriləcək və qonaqlar yerləşdiriləcək ünvanlarda, eləcə də əhalinin kütləvi toplandığı mədəniyyət, ictimai-iaşə, əyləncə və digər obyektlərin işçi heyəti ilə yanğın təhlükəsizliyi qaydaları üzrə maarifləndirmə tədbirlərinin Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsi ilə qarşılıqlı fəaliyyət çərçivəsində həyata keçirilməsi, habelə müvafiq vəzifələrlə əhalinin, qonaqların baş verə biləcək hadisələr zamanı davranış qaydaları, “112” qaynar telefon xəttinin mövcudluğu barədə təlimatlandırılması təmin edilib. Həmçinin respublika ərazisində fəaliyyət göstərən ictimai-iaşə, istirahət və əyləncə mərkəzlərində, mehmanxana, qonaq evləri və bu tipli digər obyektlərdə, Heydər Əliyev Beynəlxalq Aeroportunda, metro stansiyalarında və tunellərdə, qonaqları daşıyacaq nəqliyyat vasitələrinin balans saxlayıcılarının yerləşdiyi obyektlərdə də yanğın-texniki müayinələr keçirilib və aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməkdədir.  

Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektorları tərəfindən yuxarıda qeyd olunan tədbirlər planının icrası çərçivəsində həyata keçirilən yanğın-texniki müayinələr zamanı Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşən qeyri yaşayış sahələrində təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə hallarının müəyyən edilməsi məqsədilə ümumilikdə 829 bina olmaqla 1594 obyektə baxış keçirilib.          

Yeri gəlmişkən qeyd edək ki, “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə  əsasən yaşayış otaqlarında, kürsülü otaqlarda və zirzəmilərdə, ictimai iaşə müəssisələrinin, yeməkxana və ticarət zallarının altında yerləşən otaqlarda, həmçinin auditoriyaların və sinif otaqlarının altında, ictimai və istehsalat binalarının tamaşa (akt) salonlarının, xəstə palatalarının və digər analoji otaqların altında, təbii işıqlandırılması olmayan otaqlarda qazla dolu balonların qoyulmasına yol verilmir. Həmçinin,  kürsülü otaqlarda və zirzəmilərdə yerləşdirilmiş aqreqatların, qurğuların və müxtəlif odluqların mayeləşdirilmiş karbohidrogen qaz təchizatı ilə təmin olunmasına yol verilmir. Bu qaydaların tələblərinə əməl olunması vəziyyəti ilə bağlı həyata keçirilən yoxlanılarkən və yanğın-texniki müayinələr zamanı müəyyən edilmişdir ki, bəzi obyektlərdə bu sahədə nöqsanlar mövcuddur.

Belə ki, təbii qaz xətti olmayan evlərdə, yaşayış binalarının zirzəmilərində, kafe, restoran və digər ictimai iaşə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarinin tələblərinə zidd olaraq qaz balonlarından istifadə edilir. Qaz balonlarından istifadə edərkən, həm də təhlükəsizlik qaydalarına düzgün əməl olunmur ki, bu da  yanğın, partlayış kimi xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələ bələr. Toxunulan məsələlərin vacibliyini nəzərə alaraq  Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektorları tərəfindən həyata keçirilən yanğın-texniki müayinələr zamanı aşkar edilən bu növ nöqsanların aradan qaldırılması məqsədilə qanun çərçivəsində ciddi tədbirlər görülüb. Nəticədə fərdi balon qurğularından istifadə edilməsi faktı aşkar edilən 70 obyektdə görülmüş tədbirlər nəticəsində balonların obyektlərdən kənarlaşdırılması təmin edilib. Bununla yanaşı fərdi balon qurğularından gələcəkdə təkrar istifadə edilməyəcəyinə dair  sahibkarlardan yazılı iltizam alınıb.

Dövlət Yanğın Nəzarəti Xidmətinin inspektorları COP29-un ölkəmizdə təhlükəsiz şəraitdə müvəffəqiyyətlə keçirilməsini təmin etmək məqsədilə səlahiyyətləri çərçivəsində vəzifələrinin icrasını davam etdirir, norma və qaydaların tələblərinə zidd  fərdi balon qurğularından istifadə halları aşkar olunduqda pozuntuları dərhal aradan qaldırırlar.

 

                                                                               Rövşən Bəkirov,

                                                   FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı

                                                    təbliğat  şöbəsinin böyük təlimatçısı

 

Paylaş: