Dövlət Statistika Komitəsi: Qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 47,9 faiz təşkil edir
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və ilkin məlumatlara əsasən, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 47,9 faiz təşkil edir.
Fhnews.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən bildirir ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Komitənin məlumatında, həmçinin bildirilir ki, Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 17,9 faizə çatıb.
Statistikaya görə, 2024-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Ötən ildə doğulmuş 112,6 min körpədən 46,9 faizi qız uşaqları olub.
Bildirilib ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 82,7 faizi, orta ixtisas təhsil müəssisələrində 79,4 faizi, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır.
Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 62,5 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.
Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 1,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Qeyd edək ki, "XX əsrin birinci yarısında ölkədə kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı həlak olması nəticəsində əsrin ikinci yarısından bu göstərici qadınlar arasında üstünlük təşkil edir. Bununla belə, son 40 ildə kişi və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...