22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dövlət Komissiyası: Doqquz ayda 5480 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

16-10-2024
IMG

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2024-cü ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatı açıqlayıb.

Komissiyadan verilən məlumata görə, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Сari ilin yanvar-sentyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə 7668 cinayət faktı aşkarlanıb. Onlardan 2402-si narkotik vasitələrin qanunsuz satışı, 5040-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 221-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 5-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 480 kiloqram 818,632 qram narkotik vasitələrin və psixotrop maddələrin 505 kiloqram 794,459 qramını heroin, 4 ton 493 kiloqram 881,15 qramını marixuana, 146 kiloqram 571,141 qramını tiryək, 30 kiloqram 967,701 qramını həşiş, 174 kiloqram 569,787 qramını psixotrop maddələr, 129 kiloqram 034,394 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 18 min 758 ədəd metadon, 14 min 314 ədəd çətənə kolu, 44 qram və 240 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Paylaş: