Dövlət hesabına göstərilən hüquqi yardımla bağlı monitorinqin nəticələri müzakirə edilib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə “Dövlət hesabına hüquqi yardım” mövzusunda onlayn ümumrespublika müşavirəsi keçirilib.
Qurumdan verilən məlumata görə, müşavirədə ARVK Rəyasət Heyəti, intizam və ixtisas komissiyalarının üzvləri, 120-dən çox vəkil bürosunun rəhbərləri və fərdi vəkillər iştirak ediblər.
Tədbirdə dövlət büdcəsi vəsaiti hesabına göstərilən hüquqi yardımla bağlı aparılan monitorinqin nəticələri, bu sahədə mövcudolan problemlər müzakirə edilib.
Müşavirəni giriş sözü ilə açan ARVK sədri Anar Bağırov iştirakçıları qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbrik edib. O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Azərbaycan vəkillərinə göstərdiyi diqqət və böyük etimadın nəticəsi olaraq 3 aprel 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsi hesabına göstərilən hüquqi yardıma görə ödənilən pul vəsaitinin ödənilməsi Vəkillər Kollegiyasına həvalə edilib. Bu sahədə Kollegiya üzərinə götürdüyü öhdəlikləri tam icra edir. Bununla əlaqədar ARVK Rəyasət Heyəti tərəfindən qısa müddətdə müvafiq işlər görülüb, o cümlədən dövlət hesabına göstərilən hüquqi yardıma görə ölkə üzrə bütün vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillərə haqqın (məbləğlərin) ödənilməsi işləri mərkəzləşdirilmiş qaydada təşkil edilib, aidiyyəti sənədlərin dəqiq uçotunun aparılması təmin olunub.
Sonra Anar Bağırov indiyədək dövlət hesabına göstərilən hüquqi yardım işinin təhlili ilə bağlı müvafiq statistik göstəricilər barədə iclas iştirakçılarına məlumat verib. Bu sahədə mövcud olan bəzi problemlər, xüsusilə də bürolar tərəfindən sənədlərin düzgün tərtib olunmaması, növbətçilik siyahılarına riayət edilməməsi, vəkil qurumlarına və fərdi vəkillərə təyinat üzrə qərarların göndərilməsi zamanı aidiyyəti dövlət qurumları tərəfindən seçkili yanaşma, formal vəkillik və s. kimi nöqsanlar büro rəhbərlərinin diqqətinə çatdırılıb.
Daha sonra ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov çıxış edərək ötən il ərzində Mərkəz tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib, bəzi vəkillər tərəfindən dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən hüquqi yardım zamanı nöqsanlara yol verildiyini vurğulayıb.
Sonda məsələ ətrafında geniş müzakirələr aparılıb, təcrübədə rastlaşılan bir çox problemlər qeyd olunub və bu sahədə gələcək fəaliyyətlə bağlı konkret təkliflər irəli sürülüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...