22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dinozavrların kəşfinin 200 ili tamam olur

14-02-2024

1824-cü il fevralın 20-də ingilis təbiətşünası və ilahiyyatçısı Uilyam Baklənd London Geoloji Cəmiyyətinə müraciət edərək Oksford yaxınlığındakı Stounzfild kəndində şifer karxanasında tapılan nəhəng çənə və ətraf sümüklərini təqdim edib. O, bu fosillərin nəhəng keçmiş sürünənlərə aid olduğunu anladıb və ona rəsmi elmi ad verib: “meqalozavr”, yəni "böyük kərtənkələ". Bununla da, ilk dinozavr rəsmi olaraq tanınıb, baxmayaraq ki, dinozavr sözü 1840-cı illərə qədər tələffüz edilməyib.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, Edinburq Universitetinin paleontoloqu Stiv Brusatt həmin kəşflə bağlı bildirib: "Bu, bizim dinozavrlara olan məftunluğumuzun başlanğıcı idi. Onun elan edilməsindən sonra insanlar İngiltərədə və bütün Avropada nəhəng heyvan sümükləri axtarmağa başladılar."

Aradan keçən 200 il ərzində dinozavrlarla bağlı elmi tədqiqatlar inkişaf edərək, bu canlıların necə göründüyü, necə yaşadıqları, necə təkamül keçirdikləri və onları nəyin məhv etdiyi barədə məlumat verdi. Dinozavrlar mezozoy erasında təxminən 231 milyon il əvvəldən 66 milyon il əvvələ qədər mövcud olublar. Oksford Universitetinin Təbiət Tarixi Muzeyindən paleontoloq Emma Nikolls qeyd edib: "Bizim dinozavrlar haqqında anlayışımız XIX əsrdən bəri əhəmiyyətli dərəcədə dəyişdi. Həmin dövrdə yaşamış Baklənd və digər təbiətşünaslar indi dinozavrlar haqqında biliklərimizdən heyrətə gələrdilər".

Baklənd “böyük kərtənkələ”nin təxminən 20 metr uzunluğunda olduğunu, dörd ayaq üstə yeridiyini, quruda və ya suda yaşaya biləcəyini düşünürdü. Elm adamları indi onun dördayaqlı və kərtənkələ olmadığını bilirlər. Məsələ burasındadır ki, XIX əsrin paleontoloqları dinozavrın hansı dövrdə yaşadığını bilmir və Yerin tarixinin də cəmi bir neçə min il olduğuna inanırdılar. Alimlər indi bilirlər ki, Yer kürəsinin təxminən 4,5 milyard il yaşı var və meqalozavr təxminən 165 milyon il əvvəl yaşayıb.

ABŞ-ın Nyu-Cersi ştatında hadrozavr və driptozavr kimi nəhəng heyvan qalıqlarının sonrakı kəşfi bəzi dinozavrların ikiayaqlı olduğunu göstərdi və onların sürünən kərgədanlara bənzədiyinə dair təsəvvürü dəyişdi. Təxminən 1870-ci illərdən başlayaraq əvvəlcə Amerikada, sonra Belçikada və başqa yerlərdə tapılan ilk tam böyük dinozavr skeletləri dinozavrların fərqli anatomiyasını və müxtəlifliyini nümayiş etdirdi.

1960-cı illərdə kiçik ət yeyən dinozavr – “deinonychus”un müəyyən edilməsi dinozavrlar haqqında elmdə yenilik oldu və "Dinozavr renessansı" adlı tədqiqat dövrünün başlanmasına kömək etdi. Bəziləri anatomik olaraq, arxeopteriks kimi erkən quşlara olduqca oxşar idi, bu da quşların kiçik, lələkli dinozavrlardan necə təkamül etdiyini təsdiqləyirdi. Bu, həmçinin dinozavrların quşlar kimi istiqanlı olub-olmaması ilə bağlı mübahisələrə səbəb oldu.

Paylaş: