22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına Azərbaycanda dövlət-din münasibətləri barədə məlumat verilib

06-11-2024
IMG

Noyabrın 6-da Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdin, Türkiyənin Cəfərilər icmasının lideri Səlahəddin Özgündüz, Özbəkistan Prezidentinin dövlət müşaviri Müzəffər Kamilov, Mormon Kilsəsinin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerard və Stirlinq Fondunun prezidenti Mayls Hansen, Misirin Dini işlər və vəqflər naziri Osama Əl-Əzhəri, Misir diyarının müftisi Nazir Mohamed Ayad ilə görüşüb.

Komitədən verilən məlumata görə, görüşlərdə dini-mənəvi sahədə qarşılıqlı əlaqələr müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri Azərbaycanın multikulturalizm və tolerantlığın təşviqinə əsaslanan dövlət-din münasibətləri və bu sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə dini və etnik tolerantlığa əsaslanan dövlət-din münasibətləri modelinin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən dini abidələrin bərpası ilə bağlı Azərbaycanda və xarici ölkələrdə bir sıra uğurlu layihələrin həyata keçirildiyi də vurğulayıb.

Görüş iştirakçıları Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə siyasətçiləri, elm və mədəniyyət xadimlərini, dini liderləri bir araya gətirərək, çoxsaylı yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndiriblər. Dini Liderlərin Qlobal Bakı Sammiti çərçivəsində qəbul olunan qərarların qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfələr verəcəyinə inandıqlarını vurğulayıblar.

Paylaş: