Dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi əsası yoxdur - AÇIQLAMA
Son günlər bəzi media orqanlarında bu il Azərbaycanda güclü zəlzələlər olacağına dair məlumatlar yayılır. Bildirmək istəyirəm ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq zonasında yerləşir. Təkcə bizim ölkəmiz deyil, ümumilikdə, Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədir. Seysmik aktiv bölgələrdə zəlzələlərin qeydə alınması ərazinin seysmikliyi ilə əlaqədardır. Hər gün təkcə bizim ölkəmizdə deyil, bütün dünyadakı aktiv bölgələrdə yüzlərlə kiçik təkan qeydə alınır. Həmin zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
Şöbə müdirinin sözlərinə görə, seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss edilən zəlzələlər də qeydə alınır: “İl ərzində seysmik stansiyalarımız tərəfindən Azərbaycan ərazisində 4-5 min, bəzi hallarda isə 6 minə yaxın zəlzələ qeydə alınır. Həmin yeraltı təkanlar arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur. Bu da ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burada qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır.
O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara”, bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək, yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır.
Ona görə də ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar”ın heç bir elmi, məntiqi əsası yoxdur və vətəndaşlarımız bu cür əsassız məlumatlardan narahat olmasınlar”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Azərbaycan Respublikasında zəlzələlərin öyrənilməsi və tədqiqatlarını aparan yeganə dövlət təşkilatı olduğunu qeyd edən V.Rafiqqızı deyib: “RSXM-də hazırda 84 seysmik stansiya vasitəsilə “real vaxt” rejimində fasiləsiz olaraq respublika ərazisində monitorinq aparılır və alınmış məlumatlar mərkəzin əməkdaşları - alimlərimiz və mütəxəssislərimiz tərəfindən təhlil edilir. Bununla yanaşı, Mərkəzdə geofiziki, geodinamik və geokimyəvi kompleks tədqiqatlar aparılır. Mərkəz tərəfindən verilən bütün açıqlamalarda apardığımız tədqiqatların nəticəsinə istinad edərək media vasitəsilə vətəndaşlarımızı məlumatlandırırıq.
Odur ki, hörmətli həmkarlarımızdan xahiş edirik ki, zəlzələ barədə məlumatlar yayarkən vətəndaşlarımızın həmin məsələyə qarşı həssas olduğunu nəzərə alsınlar. Çünki heç bir elmi əsası olmayan “proqnozlar”ın yayılması əhalidə qorxu, təşviş və narahatçılıq yaradır”.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...