COP29: Yaşıl Zonada konfrans və iclas otaqlarının rezervasiya portalı istifadəyə verilib
Azərbaycanda keçiriləcək COP29 konfransının xüsusi məkanı - Yaşıl Zona yüksək səviyyəli tədbir təşkilatçılığı və proqramlaşdırma, eləcə də texnoloji innovasiya ilə qlobal məzmun tərəfdaşlığının vəhdəti sayəsində builki tədbirin öz aktuallığını uzun müddət qoruyub saxlamasına böyük töhfə verəcək.
Bu il bütün dünya ən mühüm iqlim tədbiri üçün Bakıda toplaşır. Belə bir vaxtda Yaşıl Zona maraqlı tərəflərin iqlim fəaliyyətinə əlavə təkan vermələri üçün qarşılıqlı əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi apara biləcəkləri platformaya çevriləcək.
Fhnews.az xəbər verir ki, Yaşıl Zonada aparıcı qlobal təşkilatlar tərəfindən məhsul və xidmətlərin nümayişi ilə yanaşı, müxtəlif təqdimatların, seminarların və brifinqlərin, habelə musiqi və mədəniyyət tədbirlərindən ibarət bir sıra məqsədyönlü proqramların keçirilməsi planlaşdırılır.
Pavilyonlar və sərgi stendlərindən ibarət olan, ümumi sahəsi 36 min kvadratmetr sahəni əhatə edən Yaşıl Zona tədbir zamanı Tərəflər Konfransının rəsmi iclaslarının keçiriləcəyi Mavi Zonadan bir neçə yüz metr aralıda yerləşir.
Bu il Yaşıl Zona yeni virtual iştirak kanalları sayəsində öz əhatə dairəsini daha da genişləndirəcək və bu, yüksək karbon emissiyalı səfərlərə olan ehtiyacı minimuma endirməklə yanaşı, COP tədbirini bu layihədə iştirak edəcək qlobal auditoriyanın əl telefonlarına, kompüterlərinə, televizor ekranlarına və qapılarına qədər aparacaq.
Builki Yaşıl Zonanın əsas xüsusiyyətləri aşağıdakıları ehtiva edir:
• Həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələrinin, hökumət təşkilatlarının, BHT-lərin (Beynəlxalq Hökumət Təşkilatları) və QHT-lərin iqlim fəaliyyətləri ilə bağlı ən son məhsullarının, həll variantlarının və layihə üzrə işlərin gedişatının təqdim və nümayiş olunması;
• Nüfuzlu spikerlər, xüsusi seminarlar, sərgi zonaları, həmçinin yaradıcı şəxslər üçün ayrılmış studiyalar, şəbəkələşmə sahələri vasitəsilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ “ekstremal görüş” zonası;
• COP29-un mərkəzindən yayımlayacaq, yüksək səviyyəli qonaqlardan ibarət müxtəlif qrupları, eləcə də dinamik məzmunu özündə əks etdirəcək, ilk dəfə yayımlanacaq unikal “Daily show” verilişi. Bu televeriliş konfrans barədə məlumatların Bakının hüdudlarından xeyli uzaqlara çatdırılması üçün bir sıra xəbər agentlikləri vasitəsilə bütün dünyada yayımlanacaq;
• Təşkilatların səmərəli iştirakını və əhatə dairəsinin genişləndirilməsini təmin edəcək, onların tədbirin hüdudlarından uzaqlarda yerli, regional və beynəlxalq auditoriyalarla əlaqələndirilməsinə şərait yaradacaq qabaqcıl texnologiya və canlı yayım xidmətləri;
• Tədbir məkanında cərəyan edən hadisələrin məzmununu lentə alaraq sinxron şəkildə yayımlanmasını təmin edəcək peşəkar yayım və audiovizual məzmunların hazırlanma proseslərinin idarə edilməsi üzrə xidmətlər.
Qeyd edək ki, artıq bu dinamik mərkəzdə fərdi konfransları və iclas otaqlarını COP29-un onlayn portalında bron etmək mümkündür. Təşkilatlar daha rahat vizual təmasın və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edəcək teatral formatda olan, habelə yüksək dəqiqlikli audiovizual avadanlıqlarla təchiz olunan həm orta, həm də geniş miqyaslı görüş və tədbirlər üçün dizayn edilən konfrans otaqlarını bron edə bilər. Bununla yanaşı, dörd, səkkiz və ya on iki nəfərlik qrupların qapalı görüşləri üçün korporativ (B2B) iclas otaqları da mövcuddur. Gözlənilən yüksək tələbatı nəzərə alaraq, iclas otaqlarının ayrılması zamanı COP29-un tərəfdaşlarına və sərgi iştirakçılarına üstünlük veriləcək.
İctimaiyyət nümayəndələri iqlim sahəsində aparıcı simaları və tərəfdaşları dinləmək, həmçinin iqlim müzakirəsinə fikir bildirməklə töhfə vermək üçün Yaşıl Zonada iştiraka dəvət olunacaqlar. Ödənişsiz biletlərin noyabrın əvvəlindən etibarən əldə edilməsi mümkün olacaq.
Yaşıl Zonanın qurulmasını şərh edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib ki, dünyanın ən əhəmiyyətli iqlim konfransı kimi tanınan COP29 dayanıqlı və davamlı gələcəyə nail olmaq üçün beynəlxalq iqlim siyasətinin müzakirəsi, iqlimlə bağlı fəaliyyətlərin inkişafı və qlobal əməkdaşlığın təşviqi üçün əsas platforma rolunu oynayacaq.
“Builki Yaşıl Zona ilə bağlı planlarımız həm özəl, həm də dövlət sektorlarını təmsil edən təşkilatlara iqlim fəaliyyətinə əlavə təkan vermək məqsədilə bir-biriləri ilə əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi aparmaq üçün müxtəlif ideal imkanlar yaradır”,- deyə N.Carçalova vurğulayıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...