22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29-un Yaşıl Zonası ziyarətçilərin böyük marağına səbəb olub

11-11-2024
IMG

COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start veriləndən 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.

COP29 Əməliyyat Şirkətindən verilən məlumata görə, noyabrın 11-dən etibarən qapılarını ziyarətçilər üçün açan COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlər üçün mərkəz rolunu oynayır, həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.

Noyabrın 9-da “iTicket.az” platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub. Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaşlı uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.

Qeyd edək ki, Yaşıl Zona biletlərini “iTicket” platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29-un rəsmi veb-saytının müvafiq bölməsindən əldə etmək, aidiyyəti sualları isə [email protected] elektron poçt ünvanına yönləndirmək olar.

Konfrans iştirakçıları tədbir məkanına rahat çatmaq üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. İştirakçılar rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfrans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29-un rəsmi veb-saytının nəqliyyat bölməsində yerləşdirilib.

Paylaş: