COP29 çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib
Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən COP-29-un baş danışıqçısı Yalçın Rəfiyev Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə təşəkkürünü bildirib.
O qeyd edib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb: “Bu il Kopenhagendə “Troyka”nın rəsmi təqdimatı oldu və biz bütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən də təsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmaya inandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrıldı. Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik və gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin edəcəyik”, - deyə Yalçın Rəfiyev deyib.
Daha sonra COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin tədbir iştirakçılarına müraciəti oxunub. Müraciəti COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirib.
Müraciətdə Muxtar Babayev güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib.
“COP28, COP29 və COP30 liderləri iqlim dəyişikliyinin çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyində sadiqdirlər.
COP29-a Sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir. Biz 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir.
Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir. Öz MMT-lərinin işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusən də imkanları məhdud olan ölkələrə dəstək vermək çox vacibdir. Məqsədimiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinə nail olmaqdır”, - deyə COP29 Prezidenti bildirib.
Nazir bildirib ki, Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrini yaşıl enerji zonaları müəyyən edib və bu ərazilər bərpaolunan enerji, o cümlədən günəş və su enerjisi üçün əhəmiyyətli potensiala malikdir. “Bu bölgələrdəki səylərimiz təkcə Azərbaycanın emissiyaların azaldılması məqsədlərinə töhfə verməklə kifayətlənmir, həm də bizi təmiz enerji gələcəyinə keçiddə regional lider kimi mövqeləndirir. Biz bu layihələrə böyük sərmayə qoyuruq, əhəmiyyətli beynəlxalq marağı və əməkdaşlığı cəlb edirik. Ancaq təkcə ambisiya kifayət deyil. İqlim maliyyəsində əhəmiyyətli artımlar olmasa, Paris Sazişinin məqsədləri bir çox dövlətlər üçün əlçatmaz qalacaq. Qlobal birlik ambisiya ilə icra arasındakı uçurumu daha da genişləndirməyə imkan verə bilməz. Bu kontekstdə “Troyka”nın rolu həlledicidir”,- deyə müraciətdə qeyd olunub.
Tədbirdə çıxış edən Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıqlarını bildirib və qeyd edib ki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür. “Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-a doğru fəaliyyətimizi gücləndirməkdir. Mən bu prosesdə konstruktiv iştirakınıza görə hamınıza təşəkkür edirəm. Əminəm ki, bu proses nəticəsində biz geri addım atmayacağıq və COP28-də müəyyən edilmiş 1.5 hədəfinə çatmaq üçün çalışacağıq”- deyə M.Silva diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında Dubaydan BƏƏ konsensusunda öz əksini tapmış Qlobal Baxışa dair çox aydın təlimatla ayrıldığını bildirib.
Onun sözlərinə görə, bütün tərəflərin Qlobal Baxışı MMT-də əks etdirmək baxımından tələbləri yerinə yetirməsi üçün investisiya olmalıdır. “Troyka”nın işi bu onilliyin qalan hissəsində və qarşıda duran gələcək üçün necə irəliləyəcəyimizi müəyyənləşdirəcək”, - deyə o əlavə edib.
COP28-in baş icraçı direktoru Adnan Amin çıxışında gözləntilərinin Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər emissiyaları 43 faiz azaltmaq olduğunu qeyd edib. O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlər görülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir: “Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərin yumşaldılması üzrə konkret, hədəf yönümlü nəticəni özündə əks etdirib. COP29 Dubayda razılaşdırdığımız məqsədlərə çatmağa imkan verən çərçivəni, maliyyələşdirməni və həyata keçirmə vasitələrini həll edəcək. “Troyka” olaraq bizim üç sədrliyimiz əsas məsələləri müzakirə etmək üçün aktiv səy göstərirlər”, - deyə COP28-in baş icraçı direktoru əlavə edib. O vurğulayıb ki, BƏƏ konsensusunda yer alan hədəflərə çatmaq mümkün olsa bu, dünyanı onilliyin sonuna qədər tələb edilən yumşaldılmanın üçdə ikisinə çatdıracaq. Adnan Amin bunun üçün maliyyənin tələb olunduğunu deyib: “Biz maliyyəni daha əlçatan etməyə kömək edən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə sahib olmalıyıq. Biz eyni şəkildə yumşaldılma tələblərimizi həll etmək və BƏƏ-nin Müəyyənləşdirilmiş Milli Töhfələrinə uyğunlaşdırılmış ambisiya səviyyəsini sürətli şəkildə artırmaq üzərində işləyirik. Mən bilirəm ki, bir çox tərəfdaş, xüsusən də Azərbaycan buna necə töhfə verə biləcəyini nəzərdən keçirir. Buna görə də biz nümunə olmaq istəyirik”.
ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz çıxışında Braziliyaya 28-ci və 33-cü bəndlərə istinad edərək Qlobal Baxışın nəticəsini faydalı şəkildə təsdiq etdiyinə görə təşəkkür edib və qeyd edib ki, COP29-da həmin müddəalar daha da işlək vəziyyət salınmalıdır: “Tərəflər 39-cu maddədə göstərilən Qlobal Baxışın tələblərini yerinə yetirməli və istixana qazları və 1,5 hədəfinə dair tələbləri əks etdirən Müəyyənləşdirilmiş Milli Töhfələri (MMT) təqdim etməldir.1,5 hədəfini saxlamaqdan daha vacib heç nə yoxdur. Biz həmçinin inkişaf etməkdə olan ölkələrə və onların MMT-lərinin tərtibatına dəstək olmaq üçün tərəfdaşlığı yüksək qiymətləndiririk. Paris razılaşması hər şeyi edə bilməz. Hədəflər yalnız bir razılaşma ilə müqayisədə çox böyükdür. Onun digər beynəlxalq institutların, təşkilatların və təşəbbüslərin köməyinə ehtiyacı var. Biz təkcə beynəlxalq təşkilatlar kimi milli səviyyədən yuxarı səviyyəyə deyil, ondan aşağı səviyyəyə, o cümlədən özəl sektora baxmalıyıq. Bu tərəflər 1,5-in əlçatan olmasında mühüm rol oynaya bilər və oynamalıdırlar”.
Tədbirdə çıxış edən Macarıstanın İqlim Siyasəti üzrə Dövlət Katibinin müavini Daniyella Deli və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Achim Steyner də çıxışlarında 1,5 hədəfinə nail olmaq üçün görüləcək işlərdən, Müəyyənləşdirilmiş Milli Töhfələrin icrasından, "Troyka" sədrliyinin bu istiqamətdə aktiv səylərindən bəhs ediblər.
Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) aiddir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...