22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

COP29 Azərbaycan Əməliyyat Şirkəti qida təhlükəsizliyi üzrə təlimlərə başlayıb

23-08-2024
IMG

Noyabrın 11-dən 22-dək ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq işləri çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli hotellərin təhlükəsizlik və dayanıqlılıq səriştələrinin artırılması istiqamətində təlim proqramının icrasına başlayıb. Əməliyyat Şirkətinin qida təhlükəsizliyi üzrə eksperti Bakıdakı və milli ulduz təsnifatına uyğun aparıcı hotellərdə “Qida təhlükəsizliyi – 2-ci səviyyə” təlimi keçirir.

Fhnews.az xəbər verir ki, Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, təlim proqramı beynəlxalq qida təhlükəsizliyi tələb və qaydalarının baza prinsipləri əsasında Azərbaycana məxsus yerli xüsusiyyətlər nəzərə alınmaqla tərtib edilib. Həmçinin Ətraf Mühitin Sağlamlığı üzrə Lisenziyalı İnstitut (CIEH - Chartered Institute of Environmental Health) tərəfindən təsdiqlənib. Proqramın əsas məqsədi COP29 konfransı zamanı dünyanın müxtəlif ölkələrindən Azərbaycana səfər edəcək çoxsaylı ziyarətçilərin ən yüksək qida təhlükəsizliyi standartlarına uyğun müstəsna iaşə və qonaqlama təcrübəsini təmin etməkdir. Qida tədarükçüləri, hotel, restoran və ictimai iaşə obyektlərinin əməkdaşları üçün nəzərdə tutulan bu proqram çərçivəsində ilk təlimlər avqustda təşkil olunub.

Hotel şəbəkələrində göstərilən xidmətlərin təkmilləşdirilməsi və işçi heyətlərin səriştələrinin artırılmasına yönələn təlimlərin məzmunu qida təhlükəsizliyinin bütün kritik aspektlərini əhatə edir. Qida məhsullarının hazırlanmasından paylanmasına qədər olan prosesdə faydalı təcrübələr, qidalanmanın idarə edilməsində gigiyena qaydaları, xidmət sahəsində çalışan əməkdaşların şəxsi məsuliyyətinin vacibliyi və bir sıra digər mühüm mövzular proqramda əksini tapıb. İştirakçılar, həmçinin səmərəli preventiv və nəzarət tədbirləri, qidaların təhlükəsiz saxlanma qaydaları və digər təlimatlardan istifadə edə bilirlər.

Təlim proqramı paytaxtın bir sıra digər hotellərini də əhatə etməklə oktyabrın sonunadək davam edəcək.

Paylaş: