CES 2024 texnologiyalar sərgisinin əsas mövzusu süni intellekt olacaq
Yanvarın 9-da Las-Veqasda açılacaq CES 2024 texnologiyalar sərgisinin (Consumer Electronics Show - Beynəlxalq istehlak elektronikası sərgisi) əsas mövzusu süni intellekt (AI) olacaq.
Fhnews.az sərginin saytına istinadla xəbər verir ki, süni intellekt və onun biznesin müxtəlif seqmentlərinə təsiri ilə bağlı 30-dan çox panel müzakirəsinin keçirilməsi planlaşdırılır.
Rəhbərlər və analitiklər süni intellektin kənd təsərrüfatında, maliyyə, səhiyyə, kütləvi informasiya vasitələri, pərakəndə ticarət və nəqliyyat sahələrində, əyləncə sənayesində tətbiqinin nailiyyətlərini bölüşəcəklər. Təşkilatçıların bildirdiyinə görə, CES 2024 sərgisinin təxminən 60-70 faizi istehlakçı yönümlü texnologiyaya, qalan hissəsi isə biznesə həsr olunacaq.
Avtomobil, ev və sağlamlıq üçün süni intellekt həlləri təqdim ediləcək. Bəzi təqdimatların qeyri-adi olacağı gözlənilir, məsələn, sərgidə saç və baş dərisinin vəziyyətini təhlil etmək üçün AI cihazları, tələbə testlərində saxtakarlığı aşkar etmək üçün proqramlar və insanın yuxuya getməsinə kömək etmək üçün yataq xidmətləri nümayiş etdiriləcək.
CES 2024 sərgisində Intel, Qualcomm və Snap texnologiya şirkətlərinin rəhbərlərinin, həmçinin Best Buy və Walmart pərakəndə satış şəbəkələrinin əsas təqdimatları keçiriləcək. Digər məruzəçilər arasında L'Oreal ətriyyat imperiyası, Nasdaq fond birjası, Elevance Health tibbi sığorta şirkəti, Siemens və Hyundai texnologiya şirkətlərinin rəhbərləri də var.
CES 2024-də LG Electronics, Samsung və Sony kimi istehlak elektronikası istehsalçıları ən son məhsullarını təqdim edəcəklər. Bu məhsullara ağıllı televizorlar, məişət texnikası, təhlükəsizlik və mühafizə vasitələri, geyilə bilən cihazlar, musiqi dinamikləri və mətbəx cihazları daxildir. Onların hər birində süni intellekt texnologiyası təmin ediləcək.
Samsung artıq süni intellektə malik ağıllı sobalar, tozsoranlar və soyuducular istehsal etdiyini elan edib. LG şirkəti isə konteksti və niyyətləri başa düşən və istifadəçilərlə fəal ünsiyyət qura bilən "ağıllı ev agenti" adlı süni intellektə əsaslanan ev robotunu nümayiş etdirəcək.
Sərginin daha bir vacib mövzusu nəqliyyat sahəsi olacaq. Əsas diqqət elektrikli nəqliyyat vasitələri, özünüidarə, inkişaf etmiş təhlükəsizlik xüsusiyyətləri və avtomobil əyləncə sistemlərinə yönəldiləcək. Sərgidə 300-ə yaxın avtomobil və mobil şirkət iştirak edəcək.
Sərginin təşkilatçıları 130.000-dən çox ziyarətçinin tədbirdə iştirak edəcəyini gözləyirlər. Tədbirdə 4000-dən çox eksponentin, o cümlədən 1200-ə yaxın startapın iştirak edəcəyi gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...