22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində yaz festivalı dövründə 9 milyard səyahət proqnozlaşdırılır
 

27-01-2024

Şərq xalqlarının ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı ilə əlaqədar Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səyahətin reallaşacağı gözlənilir.

Fhnews.az xəbər verir ki, yanvarın 26-da səyahət mövsümünə start verilib. Ənənəyə əsasən, Çində il ərzində ölkədaxili ən böyük səyahət dövrü Yeni ilə 15 gün qalmış başlayır. Bu dövrdə çinlilər doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədi ilə səfərlər edirlər. Bu səbəbdən ölkədə bütün növ ictimai nəqliyyata tələbat artır. Yeni il başladıqdan sonra daha 15 gün davam edəcək. Bayram mövsümündə bu il rekord sayda səyahət olacağı proqnozlaşdırılır. Əjdaha ili ilə əlaqədar səyahətlərin təxminən 80 faizinin (7,2 milyard) fərdi nəqliyyat vasitələri, qalanının isə ictimai nəqliyyat vasitəsi ilə həyata keçəcəyi gözlənilir.

Çində həm də yaz festivalı adlanan bayram mövsümündə dəmir yolu üzrə gündə orta hesabla 12 milyon, hava nəqliyyatı ilə 2 milyon sərnişin daşınması proqnozlaşdırılır.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi ay təqvimi ilə Yeni il fevralın 10-da başlayacaq. Bayram tətili rəsmi olaraq fevralın 10-dan 17-dək olan dövrü əhatə etsə də, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir. Ay təqvimi üzrə Yeni il Çin ilə yanaşı, Şərqi Asiyanın digər ölkələrində, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Sinqapurda da böyük təmtəraqla qeyd olunur.

Paylaş: