22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində qarlı və soyuq hava Bahar Bayramı səyahətlərinə mənfi təsir göstərir

06-02-2024

Çinin daxili hissələrinə təsir edən qarlı və soyuq hava ölkədə şəhərlərarası gediş-gəlişin gücləndiyi Bahar Bayramı öncəsi nəqliyyatda problemlər yaradıb.Dövlət televiziyası CCTV-nin xəbərinə görə, ötən gecə ölkənin daxili bölgələrindəki Hubei əyalətində yollardakı buzlanma səbəbindən təxminən 4 min avtomobil tıxacda qalıb.

Əyalətin mərkəzi nəqliyyat şəbəkələrinin kəsişməsində yerləşən Vuhanda buzlanma səbəbindən bir çox təyyarə və qatar xidmətləri dayandırılıb və sərnişinlər saatlarla gözləməli olublar.

Vuhan Tianjin Beynəlxalq Hava Limanında bəzi uçuş-enmə zolaqları buzlanma səbəbindən müvəqqəti olaraq bağlanıb, uçuşlar ləğv edilib.
Şəhərlərarası sürətli qatarların dayanacağı olan Honkou Qatar Stansiyasında qarlı hava şəraiti səbəbindən son iki gündə 200-dən çox səfər dayandırılıb.

Vuhan Dəmir Yolu İdarəsi relslərdə qarı təmizləmək üçün 3 min işçinin çalışdığını bildirib. 

 Çinin Sinxua agentliyinin xəbərinə görə, Hunan əyalətində ticarət yarmarkasının keçirildiyi anbarın qarla yığılan damının uçması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Qeyd edək ki, Çin ənənəsində Bahar Festivalı "vətənə qayıdış” ritualıdır. Ay Yeni ilindən 15 gün əvvəl və 25 gün sonrasını əhatə edən 40 günlük "Bahar Festivalı" dövründə milyonlarla çinli ailələrini ziyarət etmək üçün doğma şəhərlərinə səfər edir.

“Çünyün” adlı Bahar Bayramı səyahətləri dünyanın ən böyük kütləvi köçü adlanır.

Nəqliyyat Nazirliyi cari ilin 26 yanvar-5 mart tarixlərini əhatə edən 40 günlük tətil müddətində 9 milyard səfərin həyata keçiriləcəyini bildirmişdi.
Nazirlik səfərlərin təxminən 80 faizinin şəxsi nəqliyyat vasitələri ilə olacağını proqnozlaşdırsa da, 1,8 milyard səfərin quru, hava, çay və dəniz nəqliyyatı ilə həyata keçirilməsinin gözlənildiyini qeyd edib.

Paylaş: