22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çində demoqrafik dəyişikliklər

17-01-2024

Çində əhalinin azalma tendensiyası 2023-cü ildə də davam edib. Doğum nisbəti milli qeydlərin aparılmağa başladığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə enərək mində 6,39 olub. Çinin əhalisi 2022-ci ildə başlayan uzunmüddətli azalma tendensiyasını davam etdirərək 2023-cü ildə təxminən 2 milyon nəfər azalıb.

Milli Statistika Bürosunun  məlumatına görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisinin sayı  2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb.

Çinin əhalisi 1960-cı illərin əvvəllərindəki quraqlıq və qıtlıq illərindən bəri ilk dəfə 2022-ci ildə azalıb. 2022-ci il Çində uzunmüddətli əhalinin azalması tendensiyasının başladığı il olub. Ölkədə 2023-cü ildə 9,02 milyon körpə doğulduğu halda, 2022-ci illə müqayisədə bu, 5,6 faiz azalıb. 
Ötən illə müqayisədə ölüm hallarının sürətlə artması diqqəti cəlb edib. Çin hökuməti 2022-ci ilin sonunda Covid-19 tədbirləri ləğv edildikdən sonra virusla bağlı ölümlərin sayını açıqlamağı dayandırıb.

Ekspertlərin fikrincə, Çin uzunmüddətli demoqrafik dəyişikliklə üz-üzədir ki, onun əhalisi tədricən qocalacaq və əmək qabiliyyətli əhalinin payı getdikcə azalacaq. Çində hökumət 1980-ci illərdən bəri həyata keçirilən “bir uşaq” siyasətindən imtina edərək, ilk olaraq 2016-cı ildə uşaq sahibi olma limitini 2-yə qaldırdı, daha sonra isə 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyini qəbul etdi.

Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətlərə baxmayaraq, yeni nəsillər iqtisadi inkişafın yavaşlaması və uşaqların yaşaması və böyüdülməsi xərclərinin artması səbəbindən uşaq sahibi olmaqda tərəddüd edir. Təxminlərə görə, Çinin əhalisi azalmağa başlayandan Hindistan dünyada ən çox əhalisi olan ölkə olaraq Çini geridə qoyub.

BMT-nin hesabatına görə, Çinin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyona enəcəyi təxmin edilir.

Paylaş: