22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çin kosmosda tarix yazdı

25-06-2024
IMG

Çinin kəşfiyyat vasitəsi tarixi missiyasını uğurla başa vuraraq bu gün geri qayıdıb. ”Chang'e-6” Ayın uzaq tərəfindən nümunələr toplayıb Yerə gətirən ilk kosmik gəmi olub.

Kəşfiyyat maşınının modulu yerli vaxtla saat 14:00-da ölkənin Daxili Monqolustan bölgəsində əvvəlcədən müəyyən edilmiş yerə enib. Canlı yayımda modulun paraşütlə enişinin missiyanın idarəetmə otağında alqışlarla qarşılandığı görülüb.  

Çin Milli Kosmik Administrasiyasının rəhbəri Zhanq Kejian bildirib ki, "Chang'e-6” Ayın kəşfiyyatı missiyası tam uğurla keçib. Mayın 3-də buraxılan “Chang'e-6” ilə Çin indiyə qədər yerinə yetirdiyi ən mürəkkəb missiyanı başa vurdu. Bu uğur Çin lideri Si Cinpinin “əbədi arzu” adlandırdığı dominant kosmik gücə çevrilmək məqsədinə doğru mühüm addım deməkdir. 

Nümunələr Yerdən heç vaxt görünməyən və 4 milyard il əvvəl meydana gəldiyi düşünülən Ayın uzaq tərəfindəki zərbə krateri olan Cənubi Qütb-Aitken hövzəsindən bir zond və robot qolu ilə götürülüb. Nümunələrin təhlili ilə Ayın, Yerin və Günəş sisteminin necə əmələ gəldiyi və inkişaf etdiyi haqqında daha çox məlumat əldə etmək olar. 

Alimlər nümunələrin hansı tapıntıları ortaya qoyacağını səbirsizliklə gözləyirlər. "Bu, qızıl mədəni, xəzinə sandığıdır. Beynəlxalq elmi ictimaiyyət bu missiyaya görə çox həyəcanlıdır" - Braun Universitetinin planetoloqu Ceyms Head belə deyib. Honq-Konq Universitetindən planetar geoloq Yuki Qian elm dünyasının bəzi suallarının cavablandırılacağını və Aydakı resursların qiymətləndirilməsi üçün mühüm addımın atıldığını vurğulayıb. 

Qeyd edək ki, Pekin 2030-cu ilə qədər Aya insan göndərməyi və Ayın Cənub Qütbündə tədqiqat bazası yaratmağı planlaşdırır.

Paylaş: