22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Çernobıl AES : Fəlakətdən 38 il keçsə də,  fəsadları hələ də silinməyib

26-02-2024

Təqvim 26 aprel 1986-cı il… Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı RBMK reaktorunda sistem sınağının  həddindən artıq istiləşməsi nəticəsində baş verən partlayışlar dünya tarixində indiyə qədər məlum olmayan ən dəhşətli nüvə fəlakətinə səbəb oldu.

Sovet İttifaqı hərbçiləri fəlakətdən dərhal sonra zavodun ətrafında təxminən 50 kilometrlik təcrid zonası elan etdi. Ümumi sahəsi 2600 kvadrat kilometr olan və sadəcə olaraq “region” adlandırılan bu əraziyə giriş qadağan edildi.

Çernobıl İstisna Zonası hələ də əsasən yaşayış olmayan ərazidir. Digər tərəfdən, bölgədə vəhşi itlərdən tutmuş sahibsiz atlara qədər bir çox heyvan yaşayır. Üstəlik 38 il əvvəl baş vermiş fəlakətin izlərini bu gün də burada yaşayan heyvanlarda görmək mümkündür. Alimlər bildirirlər ki, təcrid zonasında yaşayan bir çox heyvanlar digərlərindən fərqli xüsusiyyətlər qazanıb. Hətta bu dəyişiklikləri “fövqəlgüclər” kimi qələmə verən ekspertlər də var. İstisna zonasında ölçülən fon radiasiya dəyərləri partlayışlardan təsirlənməmiş Kiyev şəhərindəkindən 100 dəfə yüksəkdir. Ancaq elm adamları bölgədə yaşayan heyvanların yaşadıqları dəyişikliklərin nə qədərinin radiasiya, nə qədərinin isə bölgədə insanın olmaması kimi faktorlardan qaynaqlandığını hələ də dəqiq bilmirlər.

Ərazi bu gün insanlar üçün təhlükəsiz hesab olunur. Hətta vaxtaşırı turist qrupları tərəfindən ziyarət edilir. Üstəlik hələ də Çernobıl elektrik stansiyasında işləyənlər var və onların əksəriyyəti ətraf mühitin təmizlənməsinə cavabdehdir.

Bölgəyə gələn turistlərə xəbərdarlıq edilir ki, müxtəlif “qaynar nöqtələr” hələ də təhlükəli miqdarda radiasiya ehtiva edir və onlar Kiyev ətrafındakı torpaqlarda təbii şəkildə bitən göbələkləri, çay və göllərdə olan balıqları yeməməlidirlər. Çernobılın radiasiyadan təsirlənən və “fövqəlgüclər” qazanmış heyvanlara gəlincə…

Bunlardan başlıcası bölgədə yaşayan qurbağalardır. Burada yaşayan qurbağalar başqa yerlərdəkilərdən  qat-qat tünd rəngdədirlər. Alimlər bunun radiasiyanın intensiv olduğu isti bölgələrdən qaynaqlandığını düşünürlər.

Tədqiqatçılar hesab edirlər ki, yaşıl qurbağaların radiasiya şəraitində sağ qalma şansı azdır, ona görə də onların dəri rəngi sürətlə qaralır. Mütəxəssislər bu vəziyyəti "sürətli təkamül" adlandırırlar.

Radioaktivliyin yüksək olduğu ərazilərdə, ehtimal ki, ən qoruyucu melanin piqmentinə malik olan Şərq ağac qurbağalarının sağ qalma şansı ən yüksək idi. Bu, qurbağa populyasiyasında daha tünd dərilərin üstünlük təşkil etməsi ilə nəticələnib. Pablo Burrakonun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun fikrincə, “sürətli təkamül” prosesi qəzadan dərhal sonra, radiasiya səviyyəsinin ən yüksək olduğu günlərdə baş verib.

Tədqiqatçıların 2022-ci ildə “The Conversation” jurnalında dərc olunan məqaləsində bu ifadələr yer alıb: "Araşdırmamız göstərir ki, Çernobılda olan ağac qurbağaları bölgədən kənardakılardan çox daha tünd rəngdədir. Hətta bölgədəki qurbağaların bəziləri kömür kimi qaradır. Bu rəng qurbağaların bu gün məruz qaldıqları radiasiya səviyyəsi ilə əlaqəli deyil. Tünd rəng qəza zamanı ən çox dağıntıların baş verdiyi ərazidə və ya yaxınlığında yaşayan qurbağalar üçün xarakterikdir." 

Bundan başqa Çernobıl İstisna Zonasında qaranquşların qanadlarında tapılan bakteriyaların qamma-radiasiyanın təsirinə daha davamlı olduğu müəyyən edilib. Çernobıldakı bakteriyalar, digər bölgələrdən fərqli olaraq, müxtəlif dozalarda radiasiyaya məruz qaldıqda belə çoxalıb inkişaf edə biliblər.

Çernobıl ətrafındakı boş torpaqlarda yaşayan mutant canavarlar “fövqəlgüc” kimi xarakterizə edilə bilən və insanların həyatını xilas edə biləcək bir xüsusiyyət qazanıblar.

Tədqiqatçılar Çernobıl İstisna Zonasında yaşayan heyvanların immun sistemlərinin genetik dəyişikliyə məruz qaldığını və onları xərçəngə qarşı davamlı hala gətirdiyini aşkar ediblər. İndi bu genlərin xərçəng xəstələrinin müalicəsində təsirli olub-olmadığı araşdırılır.

Paylaş: