22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Cari ildə yayın ilk ayı tarixdə ən isti ay kimi düşüb

09-07-2024
IMG

2024-cü il yayının ilk ayı tarixdə ən isti ay kimi tanınıb.

Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, iyun ayında səthə yaxın havanın orta temperaturu 16,66 dərəcə Selsi təşkil edib. Bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 0,14 dərəcə yüksəkdir. Göstərici həm də 1991-2020-ci illər üzrə bu ayın orta göstəricilərindən 0,67 dərəcə yüksək olub.

“İyun rekord qlobal temperaturlar olan ardıcıl olaraq 13-cü aydır və temperaturun sənaye dövründən əvvəlki səviyyədən 1,5 dərəcədən yuxarı olan ardıcıl olaraq 12-ci aydır”, - deyə “Kopernik” İqlim Xidmətinin nümayəndələri qeyd edib.

Tədqiqat “əhəmiyyətli və davamlı” iqlim dəyişmələri barədə xəbər verib. Alimlər xəbərdarlıq ediblər ki, bəşəriyyəti yeni temperatur rekordları gözləyir, çünki atmosfer havası istiləşməyə davam edir.

Cari ilin iyun ayında Avropanın cənub-şərqində, Türkiyədə, şərqi Kanadada, ABŞ-ın qərb hissəsində və Meksikada, Braziliyada, şimali Sibirdə, Yaxın Şərqdə, Şimali Afrikada və Qərbi Antarktidada orta göstəricilərdən yüksək temperaturlar müşahidə olunub. Orta dərəcələrdən aşağı göstəricilər Qərbi Avropada, İslandiyada və Rusiyanın şimal-qərbində qeydə alınıb.

Orta qlobal dəniz səthi temperaturu ötən ay 20,85 dərəcə təşkil edib, bu da iyun ayı üçün müşahidələr tarixində ən yüksək göstəricidir.

Tədqiqatçılar vurğulayıblar ki, anomal istilərin nəticələri artıq insanlara təsir edir. “Ən çox əhalinin həssas qrupları əziyyət çəkir: aşağı gəlir səviyyəli icmalar, açıq havada işləyən insanlar, eləcə də uşaqlar və yaşlı insanlar”, - deyə “The Daily Mail” bildirib.

Digər tədqiqat göstərib ki, Yer kürəsində rekord temperaturlar dövrü tarixdə ən uzunmüddətli dövrdür. Planetdə rekord istilərin müşahidə olunmadığı sonuncu ay 2023-cü ilin may ayı olub.

Paylaş: