22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bulvarda dənizdəki canlı növlərinin beynəlxalq müdafiəsinə dair sərgi davam edir

13-11-2024

Bakıda keçirilən COP29 çərçivəsində “FINS Initiative” (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında təşkil olunan sərgi davam edir.

Fhnews.az xəbər verir ki, bulvarda COP29 Məlumat Mərkəzi ilə Bakı Biznes Mərkəzi arasında quraşdırılan sərgidə dərin suların qorunması və iqlim dəyişikliklərinə qarşı fotoşəkillər nümayiş olunur.

Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini ön plana çıxarır. İqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70 faizini əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər.

Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb.

Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov üzrə kvotalar artırılır. Balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur.

Balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil. Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır.

Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək, mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb.

“FINS Initiative”in məqsədi bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. COP29 günlərində Yaşıl zonada qurulmuş pavilyonda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişi təşkil edilir. Məqsəd dünya okeanlarının, eləcə də Xəzər dənizinin problemlərini müzakirə edərək, COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. “FINS Initiative” ümid edir ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacaq.

“Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində suitilər görmək adi hal idi, amma bu gün bu, nadir hadisəyə çevrilib. Bu, onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. “FINS Initiative” olaraq Xəzərimizi və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyik”, - deyə sərgidə bildirilib.

Paylaş: