22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu il Afrikadan İspaniyaya yollanan 5 mindən çox qanunsuz miqrant dənizdə batıb

13-06-2024
IMG

İspaniyanın “Caminando Fronteras” (“Sərhəd müdafiəçiləri”) qeyri-hökumət təşkilatının açıqladığı hesabata görə, bu ilin yanvar-may aylarında Şimali Afrikadan İspaniya sahillərinə uzanan qeyri-qanuni miqrasiya marşrutunda cəmi 5054 nəfər həyatını itirib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, QHT-nin hesabatına görə, Şimali Afrika sahilindən Kanarya adalarına gedən dəniz yolu son illərdə qeyri-qanuni miqrantların ən çox üz tutduqları yola çevrilib və Avropaya doğru “ümid səyahətləri” faciəvi ölümlərlə müşayiət olunur.

“Caminando Fronteras” mətbuat konfransında bildirib ki, ölümlərin 4808-i Kanarya adaları yolunda baş verib. Statistikaya görə, 2024-cü ilin ilk beş ayı ərzində Atlantik okeanının Şimali Afrika ilə Kanarya adaları arasındakı akvatoriyasında hər 45 dəqiqədə 1 və ya sutkada 32 qeyri-qanuni miqrant ölüb.

Hesabat misli görünməmiş rəqəmləri vurğulayaraq, 2023-cü il ərzində 6007 qeyri-qanuni miqrantın həmin marşrutda həyatını itirdiyini qeyd edib. Təkcə 2024-cü ilin ilk beş ayı ərzində 4800-dən çox miqrantın eyni marşrutda ölməsi faktı xüsusilə narahatedicidir.

Sənəddə, həmçinin hesabat dövründə miqrantların üzləşdiyi xüsusi təhlükələr vurğulanıb, yanvar və fevral aylarında ağır meteoroloji şərait səbəbindən ən çox ölüm hallarının - müvafiq olaraq 1,997 və 1,090 faktın qeydə alındığı diqqətə çatdırılıb. Bu dövrdə Kanarya adalarına yollanan 47 qayıq batıb, qəzaların heç birində sağ qalan olmayıb.

“Caminando Fronteras” bildirib ki, adekvat axtarış-xilasetmə əməliyyatları aparılmayıb, ölən şəxslərin əksəriyyəti isə İspaniya Daxili İşlər Nazirliyi və BMT-nin rəsmi məlumatlarında tez-tez “itkin düşmüş və ya naməlum” adlarla qeyd olunur.

Paylaş: