22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün Türkiyə Cümhuriyyətinin 101 yaşı tamam olur

29-10-2024
IMG

Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən Cümhuriyyətin elan edilməsi şərəfinə Respublika Bayramı hər il Türkiyədə böyük coşqu ilə qeyd olunur. 29 oktyabr 1923-cü ildə Türkiyə Ulu Öndər Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi altında Atatürkün ən böyük islahatı olan Cümhuriyyətin elanı ilə inqilabların ardınca gedəcəyi tarixi bir dövrə başladı.

Osmanlı İmperiyası 1876-cı ilə qədər mütləq monarxiya, 1876-1878 və 1908-1918-ci illərdə isə konstitusion monarxiya ilə idarə olunurdu. Birinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra işğala məruz qalan Anadolu xalqının Mustafa Kamal Paşanın rəhbərliyi ilə işğalçılara qarşı apardığı Milli Mübarizə 1922-ci ilin oktyabrında milli qüvvələrin qələbəsi ilə nəticələndi.  Bu prosesdə 23 aprel 1920-ci ildə Ankarada “Böyük Millət Məclisi” adı altında toplanan xalq nümayəndələri 20 yanvar 1921-ci ildə “Təşkilat-ı Esasiye Qanunu” adlı qanunu qəbul edərək, suverenliyin ona məxsus olduğunu bəyan etdilər. Türk milləti 1 noyabr 1922-ci ildə aldığı qərarla sultanlığı ləğv etdi. Ölkəni parlament hökuməti idarə edirdi. 1923-cü il oktyabrın 27-də Nümayəndələr Şurasının istefası və parlamentin etimadını qazanacaq yeni kabinet yaradılmamasından sonra Mustafa Kamal Paşa İsmət İnönü ilə birlikdə idarə formasını Cümhuriyyətə dəyişdirmək üçün qanun layihəsi hazırlayaraq  1923-cü il oktyabrın 29-da parlamentə təqdim etdi. Qazi Mustafa Kamal Atatürk ilk dəfə 1919-cu il iyulun 20-də Ərzurumda Cümhuriyyət sözünü tələffüz etməklə yaxın ətrafına Cümhuriyyətlə bağlı fikirlərini açıqlamışdır. Parlamentdə uzun sürən iclaslardan sonra 1923-cü il oktyabrın 29-da Cümhuriyyət elan edildi.

Mətbuat Ankarada “Yaşasın Cümhuriyyət” sədaları və 101 top gülləsi ilə Türkiyə Cümhuriyyətinin elan edildiyini ictimaiyyətə açıqladı. Cümhuriyyətin elan edildiyi gün 1925-ci ildən ölkədə və xarici səfirliklərdə rəsmi bayram kimi qeyd olunur.

Paylaş: