22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Bu gün İstanbulun düşmən əsarətindən azad edilməsinin 101-ci ildönümü qeyd olunur

06-10-2024
IMG

Birinci Dünya Müharibəsindən sonra Mudros atəşkəsi əsasında Müttəfiq dövlətlər tərəfindən 13 noyabr 1918-ci ildə işğal edilən İstanbul təxminən 4 il 10 ay 23 günlük əsirlikdən sonra 101 il əvvəl bu gün azad edilib.

İstanbulun işğalı Osmanlı İmperatorluğu da daxil olmaqla mərkəzi dövlətlərin məğlubiyyəti qəbul edərək Birinci Dünya Müharibəsindən geri çəkilməsindən sonra başladı. Bundan fürsət kimi istifadə edən Müttəfiq dövlətlərin donanmaları Haydarpaşa qarşısında lövbər salaraq 30 oktyabr 1918-ci ildə imzalanmış “Mudros” barışıq müqaviləsinə əsasən 13 noyabr 1918-ci ildə İstanbula daxil oldular.

1920-ci il martın 16-da Mustafa Kamal Paşanın rəhbərliyi ilə İstiqlal Müharibəsinin alovlanmasından sonra Müttəfiqlərin hərəkətə keçməsi ilə faktiki işğal rəsmi işğala çevrildi.

İstanbul işğal altında olarkən Qurtuluş Savaşı davam edirdi. Türk Ordusu İzmirə girdikdən sonra Fəxrəddin Paşanın komandanlığında 5-ci Süvari Korpusu Müttəfiqlərin nəzarəti altında olan neytral bölgəyə doğru irəliləməyə başladı. Bunun üzərinə müttəfiq qüvvələrdəki fransız və italyan qoşunları geri çəkildi. Çanaqqaladakı ingilis qoşunları general Harinqtonun əmri ilə müdafiə mövqeyi tutdu.

İngiltərə Ankara hökuməti ilə razılığa gəlməyin yollarını axtarmağa başladı. Ankara hökuməti İstanbul və Çanaqqala boğazlarına nəzarət tələb edir. İngiltərə baş naziri Lloyd Corc bu tələbləri rədd edərkən, türk qoşunları Çanaqqalaya doğru irəliləməyə başladı.

24 iyul 1923-cü ildə imzalanan “Lozanna” müqaviləsindən sonra Müttəfiq qüvvələr 23 avqust 1923-cü ildə İstanbulu tərk etməyə başladılar. 4 oktyabr 1923-cü ildə Dolmabahçe Sarayının qarşısında təşkil edilən mərasimdə son Müttəfiq kontingent Türkiyə bayrağını salamlayaraq şəhəri tərk etdi. Şükrü Naili Paşanın komandanlığındakı 3-cü Korpus 6 oktyabr 1923-cü ildə İstanbula daxil oldu və 4 il 10 ay 23 gün davam edən işğal rəsmi olaraq sona çatdı.

Paylaş: